Modern.az

Azərbaycanın idman şərhçiləri: “Bu Dünya Çempionatında sürprizlər çox oldu” - PROQNOZLAR

Azərbaycanın idman şərhçiləri: “Bu Dünya Çempionatında sürprizlər çox oldu” - PROQNOZLAR

Aktual

2 İyul 2014, 14:11


Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatı davam edir. Artıq 1/8 final mərhələsində oyunlar başa çatıb və 1/4 finala yüksələn bütün komandalar bəllidir.
Hazırkı dünya çempionatını necə qiymətləndirirsiniz, əvvəlki çempionatlardan əsas fərqləri nədir? Bundan sonrakı gözləntiləriniz nədir?

Modern.az saytı bu mövzuda sorğu aparıb:

“New Baku Post” qəzetinin redaktoru Rövşən Binnətli: “Bu çempionat haqqında ancaq müsbət mənada danışmaq olar. Oyunlar olduqca maraqlı keçir, yəni tam güzəştsiz bir idman mübarizəsinin şahidiyik. İdman jurnalistikası ilə məşğul olan adam kimi yox, sadə bir azarkeş kimi çempionatın gedişindən çox məmnunam, çox zövq alıram. Əsas sürpriz kimi komandaların arasında səviyyə fərqinin aradan qalxmasını qeyd etmək olar. Məsələn, heç kim inana bilməzdi ki, Əlcəzair komandası Almaniya kimi dünya nəhəngi, çempionluğa real namizədlə o dərəcədə bərabər səviyyədə oyun nümayiş etdirsin. Meksika komandasını da o sıraya aid etmək olar. Hətta Amerika Birləşmiş Ştatları komandasının Belçika ilə oyundakı o əzmkarlığını da sürprizlərə misal çəkmək olar. Yəni imkanları aşağı qiymətləndirilən komandaların güclülərə layiqli müqavimət göstərməsini xüsusi vurğulamaq olar.

2002-ci il dünya çempionatında Koreya və Türkiyənin yarım finala çıxmasını o vaxt mənfi amil kimi qiymətləndirmişdilər. Amma həmişə sona güclü komandalar çıxacaqsa, onda çempionatı keçirməyin mənası yoxdur. Ona görə sürpriz komandaların mümkün qədər irəli getməsi çox müsbət haldır, çempionatı maraqlı edən cəhətlərdən biridir.

Getdikcə elə dediyimiz o güclü komandalar qalır. Amma düşünürəm ki, çempionat bu cür maraqlı, baxımlı formada da sona çatacaq. Oyun hakimin birtərəfli yanaşması və ya onların məsələyə birbaşa müdaxiləsi ilə yox, güclünün öz gücünü nümayiş etdirməsiylə nəticələnəcək və ən güclü bu çempionatda qalib gələcək”.

“Qol.az” saytının redaktoru Aydın Bağırov: “Mən dünya çempionatını 1994-cü ildən sonra izləməyə başlamışam. İndiki çempionatın da 90%-ni izləmişəm. İzlədikdən sonra daha təcrübəli futbol azarkeşləri, jurnalistləri, futbol mütəxəssisləri ilə bu barədə söhbətlərimiz olub və hamısının gəldiyi ortaq məxrəc belə olub ki, ümumiyyətlə, bu çempionat 1938-ci ildən keçirilən futbol üzrə Dünya Çempionatları tarixinin ən yaxşısı, maraqlısıdır. Oyunların əksəriyyəti azarkeşlərin marağına səbəb olur. Bu yeganə çempionatdır ki, favoritlə autsayder arasında fərqlər hiss olunmur. Məsələn, Almaniya ilə Əlcəzair komandalarını göstərə bilərik ki, 90 dəqiqəyə qədər qaliblər müəyyən olunmadı. Baxmayaraq ki, Əlcəzair çempionatın autsayderi, Almaniya isə əsas favoritlərindən biri sayılırdı. Hətta elə oyun oldu ki, Almaniyanın özü də yarışdan kənar qala bilərdi. Yəni çox sürprizlərin olduğu gözəl çempionatdır. Mənə elə gəlir ki, biz futbol yox, bir fantastika, möcüzəvi bir şey izləyirik. Hər halda çox sevinirəm ki, belə bir çempionatı izləmək mənə nəsib olub.

Gözləntilərimə gəldikdə, Argentina favoritlərdən sayıldığına görə onun üzərində dayanacağam. Məndə belə bir qənaət formalaşıb ki, Argentina komandası bu oyunla ümumiyyətlə, 1/4 finalda oynamağa, nəinki çempion adını qazanmağa, yarım finala da çıxmağa layiq deyil. Çünki bu komanda ancaq Messi və Аnxel de Marianın ümidinə qalıb. Gündən-günə də oyunlar daha da ağırlaşacaq. İnanmıram ki, Argentina bu oyunla uzağa gedə bilsin. Finalda Almaniyanı görürəm. Amma yenə də proqnozlaşdıra bilmirəm. Hətta elə ola bilər ki, Kosta-Rika komandası da finalda oynayacaq”.

“İdman Azərbaycan” telekanalının şərhçisi Rüstəm Əfsərli: “Məncə, bu dünya çempionatı 1998-ci ildən bu yana ən maraqlısıdır. Çox maraqlı oyunlar olur. Əsas fərqli məqam ondan ibarətdir ki, hər il dünya çempionatından əvvəl və yaxud Dünya Çempionatının gedişində hansısa komandanı favorit göstərirdik. Amma indi dünya çempionatına baxa-baxa proqnoz verə bilmirsən. Düzdür, güclü komandalar - Almaniya, Braziliya, Hollandiya, Fransa 1/4 finala çıxdılar, yenə də açıq aşkar deyə bilməzsən ki, mütləq bu komanda yarım finala çıxacaq, və yaxud finala çıxacaq, çempion olacaq. Bütün oyunlar gözlənilməzdir. 1/8 final oyunları da göstərdi ki, artıq bütün dünya, bütün ölkələr futbol oynamağı, çox yaxşı oyunlara hazırlaşmağı bacarır. Favoritlərin çox çətinlik çəkdiyi bir turnirdir.

Əlbəttə, əsas sürpriz Kosta-Rikanın 1/4 finala çıxması, Əlcəzairin yaxşı futbol göstərməsi, dünən İsveçrənin Argentina ilə çox yaxşı mübarizə aparmasıdır. İtaliya, İspaniya və yaxud İngiltərənin qrupda qalmağını onların azarkeşləri üçün mənfi mənada sürpriz adlandıra bilərik.

Əslində dünənki oyundan sonra fikirlərim qarışıb. Çünki daha zəif hesab etdiyimiz komandalar əməlli-başlı müqavimət göstərirlər. İndi 1/4 finalda Almaniya-Fransa maçı var. Bu oyunu böyük səbirsizliklə gözləyirəm. Gözləntilərim Argentina, Braziliyanın final oyunu oynamasıdır. Messi belə oyunu davam etməlidir. Argentina yığmasını çox tənqid edirlər ki, yığma Messinin üzərində qurulub. Amma mən düşünürəm ki, elə Messinin üzərində qurulmalıdır. Messi də hələ ki bütün oyunlarda sözünü deyib. Gözləntim Messi və Neymardan növbəti mərhələlərdə - 1/4 finalda, alınarsa yarım finalda komandanı dünya çempionluğuna apara biləcək bir futbol göstərmələridir”.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı