Gəncə Dövlət Universitetində professor Orucəli Rzayevin 70-ci il dönümünə həsr olunan xatirə gecəsi keçirilib. Əvvəlcə iştirakçılar Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Ümummilli Lider Heydər Əliyevin ruhunu hörmətlə anıblar.
Modern.az xəbər verir ki, xatirə gecəsində professor Orucəli Rzayevin həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək görkəmli alim, professor Orucəli Rzayevin keçdiyi şərəfli ömür yolundan danışıb. Bildirib ki, Rzayev Orucəli Hüseynqulu oğlu 1956-cı ildə anadan olub və o, 1963- 1973-cü illərdə Bakıda orta məktəbdə oxuyub. 1973 – 1977 – ci illərdə Gəncə Dövlət Universitetində Riyaziyyat ixtisası üzrə ali təhsil alan Orucəli Rzayev 1977-ci ildə həmin universitetin Riyazi analiz kafedrasında riyaziyyatçı-proqramçı vəzifəsinə təyin edilib. Orucəli Rzayev Gəncə Dövlət Universitetində müxtəlif illərdə bir sıra vəzifələrdə işləyib. O, 2004-cü ildə doktorluq dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. Prorektor Gülsüm Fətəliyeva qeyd edib ki, Orucəli Rzayev 1997-2006-cı illərdə Gəncə Dövlət Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. Həmçinin 2023-cü ildən Gəncə Dövlət Universitetində Riyazi analiz kafedrasının müdiri vəzifəsində işləyib. Görkəmli alimin təhsilə verdiyi töhfələr dövlət tərəfindən də yüksək qiymətləndirilib. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Orucəli Rzayev “Tərəqqi” medalı, 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Professor Orucəli Rzayev 100-dən artıq kitabın və elmi məqalənin müəllifidir.
Xatirə gecəsində Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev, Azərbaycan dili kafedrasının professoru Mübariz Yusifov, Gəncə şəhər İcra Hakimiyyətinin sektor müdiri Yadigar Bədəlov, Azərbaycan dili kafedrasının müdiri Telman Quliyev, ÜTF və texnologiya kafedrasının müdiri Elçin Cavadov, Riyazi analiz kafedrasının dosenti Tahir Məmmədov, İnformatika və cəbr kafedrasının professoru Mehriban Həsənova, İnformatika və cəbr kafedrasının dosenti Nərgiz Tağıyeva, İnformatika və cəbr kafedrasının dosenti Kəmalə Salmanova, Fizika kafedrasının Səyyarə İskəndərova çıxış edərək professor Orucəli Rzayevin həyat və fəaliyyətindən danışıblar. Gəncə Dövlət Universitetinin inkişafında və tərəqqisində xidmətləri olmuş Orucəli Rzayevi xoş xatirələrlə anıblar.
Xatirə gecəsində Riyaziyyat və informatika müəllimliyi ixtyisasının 4-cü kurs tələbəsi Rəbiyyə Hacıyeva Orucəli Rzayevə həsr edilən “Son görüş” şerini səsləndirib.
Son da alimin oğlu Anar Rzayev Professor Orucəli Rzayevin xatirə gecəsini keçirdikləri üçün Universitetin rektoru Yusif Yusibova, eləcə də bütün kollektivə dərin minnətdarlığını bildirib.