Modern.az

Şəhərsalmada ictimai rəyin nəzərə alınması vacibdir - Ramil İsgəndərli

Şəhərsalmada ictimai rəyin nəzərə alınması vacibdir - Ramil İsgəndərli

Aktual

Bu gün, 14:11

Son illərdə Azərbaycanda şəhərsalma sahəsində iştirakçı yanaşmaların əhəmiyyəti daha da artıb. Bakı, Gəncə, Ağdam və işğaldan azad edilmiş digər ərazilərin baş planlarının müzakirələri zamanı beynəlxalq ekspertlərin iştirakı ilə yerli icmaların prosesə cəlb edilməsi və ictimai rəyin öyrənilməsi istiqamətində səylər göstərilib.

Modern.az xəbər verir ki, bu fikirləri Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli  Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunan Vətəndaş təşəbbüsləri və vətəndaş cəmiyyəti təşkilatlarının assambleyasının açılış sessiyasında bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” Qanunu vətəndaşların dövlət siyasətində iştirak mexanizmlərini müəyyən edir. 

“Eyni zamanda, Azərbaycanın Şəhərsalma və Tikinti Məcəlləsində ictimai iştirak, ictimai dinləmələr və ictimai rəyin nəzərə alınması ilə bağlı mühüm müddəalar yer alır”.

Sədr vurğulayıb ki, qanunvericiliyə əsasən, şəhərsalma prosesində maraqlı tərəflər və icmalar məlumatlandırılmalı və onlarla məsləhətləşmələr aparılmalıdır.

R.İsgəndərli onu da əlavə edib ki, Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılan Qlobal Cənub QHT Platforması beynəlxalq əməkdaşlıq proseslərində, xüsusilə iqlim dəyişikliyi, dayanıqlı urbanizasiya və Qlobal Cənub əməkdaşlığı sahələrində getdikcə daha fəal rol oynayır:

“COP29-a hazırlıq dövründə və bununla bağlı beynəlxalq maraqlı tərəflər proseslərində Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları dialoqun təşviqi, tərəfdaşlığın gücləndirilməsi və Qlobal Cənub icmalarının səslərinin daha geniş platformalara çıxarılması istiqamətində fəal iştirak ediblər”, - deyə o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?