Modern.az

Serbiyada Bakıya bənzər işlər görməyə çalışıram - Vuçiç

Serbiyada Bakıya bənzər işlər görməyə çalışıram - Vuçiç

Aktual

Bu gün, 15:35

Mən hər dəfə Bakıya, Azərbaycana gələndə böyük dəyişikliklərin şahidi oluram. Azərbaycan xalqının və Prezident Əliyevin birlikdə ölkəniz və xalqınız naminə əldə etdiyi bütün tərəqqini görürəm.

Modern.az xəbər verir ki, bu fikirləri Serbiya prezidenti Aleksandr Vuçiç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasimində bildirib.

“Bunu kənardan gələn insanlar, xaricilər daha rahat görürlər. Çünki siz gündəlik həyatınızda bu dəyişikliklərə daha tez uyğunlaşırsınız və onları adi qəbul etməyə başlayırsınız. Amma biz kənardan baxanda ölkənizin son illərdə nə qədər böyük inkişaf yolu keçdiyini açıq şəkildə görürük. Bunun çox sadə bir izahı var: bu, sizin çalışqanlığınız və fədakarlığınız sayəsində mümkün olub. Amma bundan əlavə, sizin liderinizdə bir çoxumuzdan, hətta hamımızdan daha çox olan bir xüsusiyyət var - öz xalqına və ölkəsinə sonsuz sevgi və bağlılıq. Məhz buna görə belə möhtəşəm inkişaf əldə olunur. Elə buna görə də mən Bakını bu gün dünyanın ən gözəl məkanlarından biri adlandırıram. Mən ona da, sizə də böyük heyranlıq duyuram və ölkəmdə - Serbiyada da müəyyən mənada buna bənzər işlər görməyə çalışıram”.

A.Vuçiç qeyd edib ki, Azərbaycanı 13-cü Ümumdünya Şəhərsalma Forumuna uğurla ev sahibliyi etməsi münasibətilə təbrik etmək və bu tədbir çərçivəsində ilk dəfə olaraq sammit təşkil etmək təşəbbüsünü yüksək qiymətləndirmək istəyirəm:

“Mənim fikrimcə, bu formatın gələcək forumlarda daimi ənənəyə çevrilməsi Ümumdünya Şəhərsalma Forumunun potensialından tam istifadə olunması baxımından çox əhəmiyyətli olacaq.

Biz burada - Xəzər dənizinin sahilində yerləşən ecazkar və ilhamverici Azərbaycanda urbanizasiya ilə bağlı çağırışları və böyük imkanları müzakirə etmək üçün toplaşmışıq. Bakıda minlərlə iştirakçının olması dünya ictimaiyyətinin şəhərlərin gələcəyinə və onların qarşılaşdığı problemlərə böyük maraq göstərdiyini açıq şəkildə nümayiş etdirir”.

O həmçinin vurğulayıb ki, Bakıda biz ənənələri, dayanıqlılığı və innovasiyanı özündə birləşdirən bir şəhər görürük. 

“Burada tarix və müasir inkişafın harmoniyası dayanıqlı şəhərsalma və inklüziv idarəçiliyin prioritetə çevrildiyi zaman nələrin mümkün olduğunu nümayiş etdirir.

Məlumdur ki, dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və gələcəkdə bu göstəricinin daha da artacağı gözlənilir. Şəhərlər, qəsəbələr və yaşayış məntəqələri iqtisadi inkişafın, istehsalın, innovasiyaların, təhsilin, rəqəmsallaşmanın və süni intellektin əsas mərkəzləridir. Şəhərlər və urban məkanlar olmadan planetimizdə həyatı təsəvvür etmək mümkün deyil”.

A.Vuçiç bildirib ki, Serbiyanın paytaxtı Belqradda pulsuz ictimai nəqliyyat tətbiq olunub və biz havanın çirklənməsini azaltmaq üçün elektrik avtobuslarının sayını artırmağı planlaşdırırıq:

“Eyni zamanda, yaxın gələcəkdə Azərbaycanın dostlarımızla birlikdə Serbiyanın cənubundakı Niş şəhəri yaxınlığında qazla işləyən elektrik stansiyasının tikintisi istiqamətində əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”.

Serbiya Prezidenti onu da əlavə edib ki, Serbiya yaxın zamanda qeydiyyatsız mənzillərdə yaşayan milyonlarla sakinə öz əmlaklarını leqallaşdırmağa imkan verən qanun qəbul edib.

“Bununla da hər bir vətəndaş öz evinin və ya mənzilinin qanuni sahibi olduğunu bilir. Şəhərlər gənclərin yaradıcılığını, innovativ düşüncəsini və müxtəlif istedadlarını inkişaf etdirmək, gündəlik həyatı yaxşılaşdırmağa yönəlmiş yeni ideya və həlləri təşviq etmək üçün təbii mühitdir.

“İnsanlıq naminə oyun” mövzusu ilə keçiriləcək Expo 2027-yə ev sahibliyi edəcək Belqrad dünyanın 140-dan çox ölkəsi üçün musiqi, idman və innovativ həllərini təqdim etmək baxımından mühüm platforma olacaq. Eyni zamanda, Expo 2027 çərçivəsində şəhər nəqliyyatındakı sıxlığın azaldılması, dayanıqlı mobilliyin inkişafı və insanların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün konkret innovativ həllərin nümayiş etdirilməsi imkanından qürur duyuruq. Buraya yeni nəsil elektrik təyyarələri və “ağıllı” nəqliyyat sistemləri də daxildir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir