Şəhərlərdə mənzil probleminin həlli üçün ən davamlı yol sakinlərin özlərinin prosesə rəhbərlik etdiyi icma əsaslı yanaşmadır.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Tailandın Asiya Mənzil Hüquqları Koalisiyasının (ACHR) nümayəndəsi Somsuk Bunyabança “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı panel sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, yarım əsrə yaxın təcrübə göstərib ki, aşağı gəlirli icmalar mənzil problemlərinin həllində fəal rol oynamağa və dəyişiklik yaratmağa qadirdir.
Nümayəndənin sözlərinə görə, bu prosesin uğurlu olması üçün bir neçə əsas amil vacibdir:
“Bunlara tələbat yönümlü və icma əsaslı yanaşma, bütün yaşayış məntəqələrini əhatə edən şəhər planlaşdırılması, hökumət, ekspertlər və icmalar arasında əməkdaşlıq, əlçatan maliyyə mexanizmləri, eləcə də mənzilə yalnız tikili kimi deyil, icmanın inkişaf vasitəsi kimi yanaşılması daxildir”, - deyə o vurğulayıb.
S.Bunyabança onu da əlavə edib ki, problemlə üzləşən insanların həll prosesində əsas rol alması hər bir çətinliyi yeni imkanlara çevirə bilər.