Modern.az

Keniyadakı 1100 qeyri-rəsmi məntəqə necə yenilənir?

Keniyadakı 1100 qeyri-rəsmi məntəqə necə yenilənir?

Aktual

Bu gün, 11:13

Keniyada qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsi proqramı Dünya Bankının maliyyə dəstəyi və icmaların iştirakı ilə həyata keçirilir.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində  “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı panel sessiyada Keniyanın Torpaq, Mənzil və Şəhərsalma naziri Alice Wahome bildirib. 

Nazir qeyd edib ki, Keniyada 1100-dən çox qeyri-rəsmi yaşayış məntəqəsi mövcuddur və onların yenilənməsi üçün Dünya Bankının dəstəyi ilə layihələr həyata keçirilir.

Onun sözlərinə görə, layihələrin əsas problemlərindən biri həmin ərazilərdə yaşayan insanların torpaq və tikililər üzərində rəsmi sənədlərinin olmamasıdır:

“Dünya Bankı və digər beynəlxalq maliyyə institutları hüquqi sənədləşmənin tənzimlənməsini tələb edir. Amma həmin ərazilərdə yaşayan insanların çoxu yalnız kirayəçi statusundadır”.

Nazir əlavə edib ki, bəzi tikili sahibləri uzun illər kirayə gəliri əldə etdikləri üçün layihələrə müqavimət göstərirlər:

“Onlar etiraz aksiyalarını və münaqişələri maliyyələşdirirlər. Amma həmin evlərdə yaşayan insanlar layihələrdə iştirak etmək istəyirlər”.

O qeyd edib ki, Mukuru yaşayış məntəqəsində Dünya Bankının dəstəyi ilə 13 min mənzil inşa edilir:

“Tikili sahiblərinin investisiyası qiymətləndirilir və onlara da mənzillər təqdim olunur. Ən vacib hissə isə kirayəçilərin qeydiyyata alınmasıdır. Çünki yeni mənzillərə ilk sahib olmaq hüququ məhz onlara verilir”.

Keniyalı nazirin sözlərinə görə, torpaq faktorunun layihəyə daxil edilməsi ümumi mənzil xərclərinin təxminən 30 faizini azaldır:

“Keniyada torpaq dünyanın ən bahalı resurslarından biridir. Mənzilə tələbat təklifdən daha sürətlə artır.

Gələcəkdə daha böyük investisiyalara, yeni tikinti texnologiyalarına və yaşıl tikinti materiallarına ehtiyac var”, - deyə o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı