Modern.az

Suriya türkmənləri: “İŞİD-in arxasında Bəşər Əsəd, İran və Qərb dayanır”

Suriya türkmənləri: “İŞİD-in arxasında Bəşər Əsəd, İran və Qərb dayanır”

Aktual

9 İyul 2014, 11:55

Modern.az saytı Suriya türkmənlərındən olan, Ankarada yaşayan hüquqşünas Əli Öztürkməndən müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik:

- Suriyadakı silahlı müxalifətin Bəşər Əsəd rejiminə qarşı dirənişində sonradan təxribat, Qərb dairələrinin əlini görmək mümkün oldu. Ən pisi də odur ki, türkmən soydaşlarımız da bu böyük oyuna cəlb edildi və çoxlu sayda qurbanlar verdi. Nə düşünürsüz, türkmənlər bundan sonra bu oyunun içərisində özlərinə hansı mövqeyi seçməlidirlər?

- Türkmənlər bu oyunda hər şeylərini fəda etdilər, şəhid oldular, türkmənlərin yaşadığı bölgələr dağıdıldı. Amma təəssüflər olsun ki, bütün bu təhlükələrə qarşı Suriya türkmənləri birləşmədilər. Türkmən milli kimliyi içərisində nə hərbi, nə də siyasi təşkilat yaradıldı. Ona görə də türkmənlər Suriyada döyüşən silahlı üsyançıların və Bəşər Əsəd qüvvələrinin hədəfinə tuş oldular. Təbii ki, türkmənlərin əsas düşməni Bəşər Əsəddir. Bununla yanaşı İŞİD və PKK-nın Suriya qolu PYD –də bizim düşmənlərimizdir. Bizim torpaqlarda hər kəsin gözü var. Biz isə ən zəif toplumuq. Mövqeyimiz isə belə olmalıdır ki, birləşib düşmənlərə qarşı mübarizə aparaq.

- Suriyadakı siyasi tablo xarici medianın yazdığı kimidirmi, yoxsa daha dəhşətlidir?

-Suriyadakı siyasi mənzərə əslində mediada yazılanlardan o qədər də fərqli deyil. Suriya müxalifəti şəxsi maraqları çərçivəsində mübarizə aparır. Onlar müsəlmanların hər şeyini öz malı kimi istifadə edir, özəlləşdirir. Kürdlər isə PKK-nın maraqlarına uyğun olaraq özlərinin muxtariyyətlərini yaradıblar. Onların da ərəblərə və türkmənlərə qarşı etnik təmizləmə apara biləcəkləri ehtimalları çoxdur. Suriyada demək olar ki, bütün qüvvələr biri-birinə düşmən kəsilib. Kürdlərin bir hissəsi Bəşər Əsəd qüvvələrinə dəstək verir, təxminən iyirmi faizi isə müxalifət cəbhəsində qərarlaşıb. Türkmənlər isə müxalifətə əvvəllər tam dəstək verməyinə baxmayaraq cəmi bir faizlə orada təmsil olunurlar.

- İŞİD Suriyadan İraqa sıçradı və Suriyadan sonra bölgə üçün yeni təhlükə mənbəyinin əsasını qoydu. İraqdakı türkmənlər üçün də bu xoş deyil. Belə bir həssas məqamda Suriya türkmənləri ilə İraq türkmənləri arasında hansı müqayisələri aparardız?

-İŞİD böyük bir kəşfiyyat oyunudur. Bu oyunun başında Bəşər Əsəd, İran və Qərb dayanır. Əsas məqsəd Bəşər Əsədin yerini rahatlatmaq və şiə-sünni qarşıdurmasınının miqyasını genişlətməkdir. Digər bir məsələ isə türkmən faktorudur. İŞİD kartı ilə türkmənləri yox etmək və Kürdüstan dövləti yaratmaq niyyətindədirlər. Prinsipcə Suriya və İraq türkmənlərinin taleyində elə bir fərq yoxdur. Hər iki dövlətdə yaşayan türkmənlər İŞİD-in əsas hədəfidir.

- Suriya vətəndaş müharibəsinə sürüklənəndən sonra belə görüntü yaradılır ki, Bəşər Əsəd dönəmi daha firavan idi və əhali yaxşı yaşayırdı. Bəşər Əsəd nə qədər diktator olsa da, əslində indiki dəhşətli mənzərələrə baxanda deyilənlərlə razılaşmamaq da olmur. Nə deyirsiniz, Bəşər Əsədin zamanı geri dönsünmü?

- Bəli. Bəşər Əsədin Suriyaya rəhbərlik etdiyi əvvəlki vaxtlarda ölkə bu günkü xaos və vətəndaş müharibəsindəki durumdan daha yaxşı idi. Amma artıq geriyə də dönüş yoxdur. Ona görə də Bəşər Əsədin hakimiyyətdən getməsi şərtdir. Bu mərhələdə Əsədin hakimiyyətdən getməsi üçün beynəlxalq müdaxilə lazımdır.

- Suriya türkmənləri böyük bir panika içərisindədirlər. Belə bir məqamda Türkiyə kimi böyük bir dövləti türkmənlərin vəziyyəti ilə maraqlanmır. Bu barədə nə deyə bilərsiniz?

-Türkiyənin Suriya müxalifətinə dəstək verməsi türkmənlərə qarşı olan təzyiqlərin daha artırdı. Türk dünyası isə belə bir məqamda türkmənlərə dəstək vermir. Təəssüflənirik. 

- Suriyanın müxalif radikal dini qruplaşmaları sırasında azərbaycanlılar, Türkiyə vətəndaşları da var. Suriya Türkmən Cəbhəsi həmin dinçi qruplara qoşulan türk soydaşlarını öz tərəfinə çəkə bilməzmi? Yoxsa məsələ göründüyü qədər asan deyil?

- Öz qanımızdan olan qardaşlarımızın radikal terrorist qruplara qoşulması bizi çox üzür. Bizim öz təşkilatlarımız olsaydı onlarla təmasa keçib öz tərəfimizə çəkə bilərdik. Amma bizim elə bir imkanımız olmadı. Türkiyə sərhədindən Suriyaya terrorçu axınının asanlaşması bizi daha da çətin vəziyyətə saldı. Çoxları bilmədən bu çirkin oyunun içərisindədirlər.

 

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı