Qlobal gündəliklər və beynəlxalq öhdəliklər yalnız qanunvericilik, hesabatlılıq mexanizmləri və yerli icra vasitəsilə milli prioritetlərə çevrildikdə real əhəmiyyət qazanır. Məhz burada parlamentarilərin rolu xüsusi önəm daşıyır.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Parlamentarilər Dəyirmi masasında UN-Habitat-ın Ərəb Dövlətləri üzrə Regional Ofisinin (ROAS) direktoru Rania Hedeya bildirib.
Onun sözlərinə görə, parlamentarilər yalnız qanunverici deyil, həm də qlobal hədəflərlə icmaların reallıqları arasında körpü rolunu oynayırlar:
“Onlar torpaq siyasəti, infrastruktur, mənzil maliyyələşdirilməsi, mülkiyyət təhlükəsizliyi, şəhərsalma, iqlim fəaliyyəti və dövlət investisiyaları ilə bağlı siyasətlərin formalaşdırılmasına təsir göstərirlər. Eyni zamanda, həyata keçirilən tədbirlərə nəzarət edir və hökumətlərin vətəndaşlar qarşısında hesabatlı olmasını təmin edirlər”.
R.Hedeya həmçinin vurğulayıb ki, görüş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilir və son aylar ərzində geniş çoxtərəfli məsləhətləşmələr əsasında formalaşdırılıb:
“2500-dən çox iştirakçı bu həftə müxtəlif dialoq sessiyalarında və müzakirələrdə aparılan debatların formalaşmasına töhfə verib. Bu isə mənzil böhranının təcrid olunmuş şəkildə həll edilə bilməyəcəyinə dair artan anlayışı nümayiş etdirir. Problemin həlli üçün bütün idarəetmə səviyyələri və cəmiyyətin bütün sektorları arasında koordinasiyalı fəaliyyət tələb olunur.
Bugünkü müzakirələriniz Avropa Fəaliyyət Planının icrası, bu il nəzərdə tutulan Dayanıqlı İnkişaf Məqsədlərinin icmalı və adekvat mənzil məsələləri üzrə Açıq Tərkibli Hökumətlərarası Ekspert Qrupunun fəaliyyəti də daxil olmaqla davam edən qlobal siyasət prosesləri baxımından da mühüm əhəmiyyət daşıyır. Bu dəyirmi masadan irəli çıxacaq fikir və tövsiyələr qlobal müzakirələrdə parlamentarilərin iştirakını daha da gücləndirəcək”.
Nümayəndə onu da əlavə edib ki, hazırda 2026-2029-cu illəri əhatə edən yeni strateji plan mərhələsinə daxil oluruq:
“Bu plan tərəfdaşlıqlara xüsusi önəm verir. Planla tanış olmayanlar da burada tərəfdaşlıqlara, çoxtərəfli idarəetməyə və müxtəlif tərəflərin iştirakına nə qədər böyük diqqət ayrıldığını görəcəklər. Biz parlamentariləri bu prosesdə əsas tərəfdaşlardan biri hesab edirik.
Xüsusilə mənzil maliyyələşdirilməsi sahəsində parlamentlərin oynaya biləcəyi vacib rolu yüksək qiymətləndiririk. Davamlı dövlət investisiyası, əlverişli siyasət mühiti və əlçatanlıq, inklüzivlik və dayanıqlılığı prioritetləşdirən innovativ maliyyə yanaşmaları olmadan adekvat mənzil təminatı mümkün deyil”.
O qeyd edib ki, həmçinin məcburi köçürmələr, mülkiyyət təhlükəsizliyinin zəifliyi və həssas icmalara təsir göstərən ayrı-seçkilik xarakterli şəhərsalma təcrübələrinin aradan qaldırılmasının vacibliyi anlaşılandır:
“Bu problemlərin həlli üçün güclü və inklüziv idarəetmə, insan hüquqları və sosial ədalət prinsiplərinə əsaslanan siyasi liderlik tələb olunur”.
Onun sözlərinə görə, yerli hökumətlər, yerli icmalar və beynəlxalq institutlar arasında əməkdaşlığın gücləndirilməsi mənzil təminatı sahəsində daha effektiv addımların atılmasına imkan yarada bilər:
“Müzakirələrin “hamı üçün mənzil” məqsədinin irəlilədilməsi baxımından yeni tərəfdaşlıqlara töhfə verəcəyi gözlənilir:
Ümid edirik ki, bu müzakirə parlamentlər, yerli hökumətlər, yerli icmalar və beynəlxalq institutlar arasında daha güclü əməkdaşlığın qurulmasına töhfə verəcək. Mənzil təminatı sahəsində əməkdaşlığın WUF13-dən sonra da davam etdirilməsini səbirsizliklə gözləyirəm”.