Futbol üzrə Dünya Çempionatı-2014-ün ilk yarımfinal oyununda Braziliyanın Avropa təmsilçisi Almaniyaya 1:7 hesabı ilə məğlub olması futbol azarkeşlərinin və mütəxəssislərin böyük təəccübünə səbəb olub. Modern.az saytı futbol şərhçilərinin bu nəticəyə münasibətini öyrənib.
“New Baku Post” qəzetinin redaktoru Rövşən Binnətli: “Təbii ki, Braziliyadan belə bir məğlubiyyət gözləmirdim. Ümumiyyətlə, turnirin gedişində hiss olundu ki, Almaniya güclüdür, yəni Braziliyanın zəifliyi də göz qabağında idi. Hələ qrup mərhələsində Meksika ilə, 1/8-də Çili, 1/4- də Kolumbiya ilə oyunda göründü ki, komanda da bir xeyli problemlər var. Buna əsasən Braziliya-Almaniya oyununda Almaniyanın qalib gələcəyini proqnozlaşdırmaq mümkün idi. Mən də bu fikirdə idim ki, Almaniya üstün olacaq. Amma 7:1 hesabını kim təsəvvür edə bilərdi ki?
Almaniyanın çempion olacağı qərarını verməyimiz də bir az tezdir. Çünki belə bir qələbənin eyforiyası da yarana bilər. Təbii ki, Almaniya ilə kim rastlaşacaqsa, onlarda bir qorxu olacaq ki, mən gör kimlə üz-üzə gəlirəm. Düşünürəm ki, Almaniya həm Argentinadan, həm Hollandiyadan oyun nizam-intizamı baxımından, yəni bir çox komponentlərdə üstündür. Amma Hollandiya komandasını sıradan çıxarmaq olmaz. Çünki Hollandiyanın da heyətində güclüləri var.
Futbolun gözəlliyi elə o sürprizlərdir. Ona görə futbol çox sevilir. Braziliyanın bu məğlubiyyətinə heç kim inanmırdı və bu Braziliyalı azarkeşlərin ürəyincə olmasa da futbolun gözəlliyi budur.
Argentina-Hollandiya görüşünün nəticəsinə komandaların gücü, indiyə qədər göstərdiyi oyun səviyyəsi baxımından məsələyə yanaşsaq hər-halda Hollandiya oyun komponentləri baxımından Argentinadan bir addım da olsa, irəlidədir”.
Qol.az saytının baş redaktoru Aydın Bağırov: “Braziliyanın məğlubiyyətini gözləyirdim, amma nəticənin belə olacağını təbii gözləmirdim. Məğlubiyyət ona görə gözlənilən idi ki, Braziliya sıradan bir komanda ilə yox, futbolun supergücü ilə oynayırdı. Super gücün də əlində bir nüvə silahı var idi və dünən o silahla Braziliyanı vurdu. Bu zərbə elə güclü olub ki, inanmıram ki, Braziliya milli komandası zərbənin təsirindən psixoloji olaraq yaxın bir il ərzində çıxa bilsin. Braziliya futbolu, Braziliya futbol tarixi üçün çox ağır bir zərbə oldu.
Ümumiyyətlə, çempionat başlayandan Braziliyanın yarımfinalda mübarizəni dayandıracağına proqnozlar verilirdi. Çünki buna qədər istər qrupda Xorvatiya, Kamerun və Meksika, istərsə də “pley-off”da Çili, Kolumbiya ilə oyunlarda Braziliya baxımlı oyun göstərməmişdi, nəticəyə oynayırdı. Ancaq nəticəni fikirləşib futbol oynamayanda da, axırda sənə Almaniya kimi bir komanda bax belə zərbə vurur. Braziliyanın baş məşqçisi Luis Felipe Skolari cəza səbəbindən oyunu buraxan müdafiəçi Tiaqo Silvanın və zədəli hücumçu Neymarın mövqeyini layiqincə doldura bilmədi. Bu və başqa amillər komandanın məğlubiyyətinə gətirib çıxardı. Bütün bunlardan sonra Braziliyanın üçüncü yeri tutacağına da ümidim yoxdur.
Bu hisslərə qapılıb birdən-birə demək olmaz ki, Almaniya çempion olacaq. Almaniya çempionat başlayandan bu günə qədər əsas favoritlərdən biri olaraq qalır. Fikrimcə, Argentina ilə üz-üzə gəlsə, qələbə qazanacaq. Amma finalda rəqib Hollandiya olsa, vəziyyət dəyişə bilər. Hollandiyanın heyətində yetərincə səviyyəli futbolçu və Lui van Qal kimi nəhəng məşqçi var. Argentina- Hollandiya oyununda Roben və Messinin sayəsində gözəl bir futbola şahid olacağıq. Bu cütlükdə mənim favoritim Hollandiyadır”.
İctimai Televiziyanın şərhçisi Elman Himayətoğlu: “Əlbəttə ki, belə bir nəticəni heç kim gözləmirdi. Erkən qollar oyunun taleyini həll etdi. İki qol vurulandan sonra Braziliya özünə gələ bilərdi, amma 3-cü qol tez gəldi və onunla Braziliya yığması sındı, məhv oldu.
Hələ ki, Almaniyanı çempion saymaq olmaz. Dünənki oyunda sadəcə erkən qollar sayəsində hesab belə alındı. Bu oyun bir də keçirilsə hesab belə olmaya bilər, yəni Braziliya uda bilər. Çempionat başlamamışdan əvvəl demişdim ki, avropalılar favoritdir. İndi də fikrimdə qalıram. Məncə, Hollandiya Argentinadan daha yaxşıdır, amma Argentinada Messi amili var. Messi oyunun taleyini həll edə biləcək futbolçudur”.
“İdman Azərbaycan” telekanalının şərhçisi Tərlan Şahinoğlu: “Almaniyanın bu dərəcədə böyük hesabla yox, amma ən azı iki top fərqi ilə qalib gələcəyini təxmin etmişdim. Təbii ki, finalda da favorit Almaniya olacaq. Amma çempion olub-olmayacağını bilmək olmaz. Əgər, Hollandiya finala çıxsa, Hollandiyada məşqçi amili var. Çox maraqlı oyun olacaq”.
Misranə Həsənzadə