Azərbaycanlı könüllülərin fəaliyyəti və forum iştirakçılarına göstərdikləri dəstək tədbirin uğurlu keçməsində mühüm rol oynayıb.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mətbuat konfransında Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Victoria Romero Caballero bildirib.
O həmçinin vurğulayıb ki, WUF13-də Meksika geniş nümayəndə heyəti ilə təmsil olunub.
“Nümayəndə heyətinə şəhərsalma naziri, Mexiko şəhərinin meri, xarici işlər nazirinin müavini və müxtəlif dövlət qurumlarının təmsilçiləri daxil olub.
Meksika artıq WUF14-ə hazırlıq prosesinə başlayır və forumun növbəti sessiyasının uğurla keçirilməsi üçün BMT-Habitat və digər tərəfdaşlarla birgə koordinasiya işləri aparılacaq”.
Səfir onu da əlavə edib ki, bu istiqamətdəki böyük öhdəliyimiz və qətiyyətli mövqeyimiz məhz bu gündən qüvvəyə minir:
“Meksika şəhərinin nümayəndələri olan həmkarlarım BMT-nin UN-Habitat proqramı ilə birgə əməkdaşlığa və koordinasiya işlərinə başlayırlar. Bu fəaliyyət Bakıda keçirilən 13-cü WUF sessiyasının uğurlu modelindən ilhamlanaraq, onun buraxdığı zəngin bazaya və təcrübəyə istinadən həyata keçiriləcəkdir”.
O bildirib ki, Latın Amerikası regionunda, daha öncə Kolumbiyada da bu cür mötəbər tədbir reallaşdırılmışdır:
“İndi isə növbəti forumun təşkili bizim qarşımızda böyük və məsuliyyətli bir vəzifə qoyur. Əziz dostlar, hər birinizi Mexiko şəhərində görməkdən məmnunluq duyacağıq.
Meksikada belə bir ifadə var: “Mi casa es tu casa” – yəni “Mənim evim sənin evindir”. Sizi Meksikada gözləyirik”, - deyə səfir nitqini tamamlayıb.