Milli Məclisin deputatları ildə iki dəfə məzuniyyətə çıxırlar.
Maraqlıdır, məzuniyyət zamanı tədbirlərin keçirilməsi deputatlar üçün problem yaratmır ki?
Milli Məclisin mətbuat xidmətinin katibi Akif Təvəkküoğlu Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirdi.
“Əvvəla, yay aylarında təsadüf hallarda tədbirlər keçirilir. Amma, istisnalar da var. Belə olan təqdirdə tədbirlərin keçirilməsi ən azı 1-2 ay qabaqcadan müəyyənləşir. Axı tədbirlər qəfildən müəyyənləşmir. Ona görə də buna uyğun olaraq hazırlıq görülür. Həmin tədbirdə hansı deputat iştirak edəcəksə, onun bundan xəbəri olur və məsələ normal tənzimlənir. Yəni filan deputat hardadır, gedib onu axtarım, tapım, kimi problem yaşanmır.
Ümumiyyətlə, elə hallar olmur. Hansısa deputatın tədbirə qatılması ilə əlaqədar istənilən halda, nəsə bir problem ortalığa çıxmır. Ən azı bir, iki ay qabaqcadan bəlli olur ki, harada və nə vaxt tədbir keçiriləcək. Həmin vaxt heç bir problem olmadan deputatlarımız tədbirlərə qatılır. Təbii ki, müəyyən lazım olan qaydalar da gözlənilir”.
Milli Məclisin sözçüsü məzuniyyət dövründə beynəlxalq tədbirlərin keçirilməsindən də danışdı. “Bildiyiniz kimi, Parlament Assambleyalarının toplantıları ayrı-ayrı ölkələrdə keçirilir. Ən azı 6-7 ay qabaqcadan bəlli olur ki, harda hansı tədbir keçiriləcək.
Sonuncu dəfə Bakıda TÜRK PA-nın iclası keçirildi. İclas zamanı qərar qəbul olundu ki, növbəti iclas hansı ölkədə, hansı şəhərdə keçiriləcək. Deməli, bir il qabaqcadan beynəlxalq tədbirin harda keçiriləcəyi bəllidir. Bununla bağlı heç bir problem olmur”.
Namidə BİNGÖL