
Yay insanların səbirsizliklə gözlədiyi fəsillərdən biridir. Məhz bir çoxları bu fəsildə ilin yorğunluğunu çıxarmaq üçün özlərinə istirahət vaxtı ayırırlar. Kimisi təbiətin qoynuna, kimisi dəniz sahillərinə, digərləri isə kurort şəhərlərinə üz tuturlar. Amma bu fəsildə istirahətə çıxmaq heç də hamıya qismət olmur və belələri isti yay günlərini şəhərdə keçirməli olurlar. Bir tərəfdən işin gərginliyindən, şəhər mühitinin sıxlığından yaranan stress, digər tərəfdən isti havalar belə insanların sağlamlıq durumlarına heç də yaxşı təsir göstərmir. Sinoptiklər isə yayın hər növbəti günü üçün daha isti havalar vəd edirlər. Bəs nə etməli?
Modern.az saytı yayla bağlı məsləhətləri diqqətinizə çatdırır...
Yay fəslində insanlarda yuxusuzluq, halsızlıq, özünü narahat hissetmə halları daha çox müşahidə olunur. Bununla yanaşı istinin təsirindən ürək-damar sistemində də xoşagəlməz hallar baş verir. Bu fəsildə insanlar tərləyərkən orqanizmdən tər vasitəsi ilə mikroelementlər də xaric olunur. Buna görə də ilk növbədə bədənin maye balansını saxlamaq ən vacib şərtlərdən biridir.
Bədənin su balansının pozulmasını sidiyin tünd rəngdə olması, üz dərisinin solğun boz rəngə çalması ilə də müəyyənləşdirmək olar. Maye balansını tənzimləmək üçün mütəxəssislər hər saatdan bir bir stəkan su, yaxud yaşıl çay içməyi məsləhət görürlər.
Həmçinin isti havalarda duzdan az istifadə etmək tövsiyyə olunur. Belə havalarda qida rasionuna bitki yağları əlavə olunmalıdır. Çünki bitki yağlarının tərkibində olan E vitamini orqanizmin istiyə qarşı müqavimətini artırır.
Yay mövsümündə əsasən aşağıdakı qida məhsullarına və içkilərə üstünlük verilməlidir:
Ayran
Kompotlar
Meyvə və tərəvəzlər
Nanəli yaşıl çay
Tərəvəz şorbaları
Təmiz adi və qazsız sular
Yağlı xörəklərdən, tünd qəhvədən, alkoqollu içkilərdən, şirniyyat məhsullarından, qazlı şirin içkilərdən isə imtina etmək lazımdır.
Yüksək temperaturun mənfi təsirinə məruz qalmamaq üçün geyim seçimində diqqətli olmaq vacibdir. Haqlı deyiblər ki, pis hava yoxdur, pis geyim var. Pambıq və kətandan tikilmiş geyimlərə üstünlük verməklə siz dərinizin nəfəs almığına imkan yaratmış olursunuz. Sintetik paltarlar təri hopdurmur və oksigeni buraxmır.
Mənzilinizdə və ya ofisdə kondisioneri işə salarkən onu dərhal ən aşağı temperatura qoymayın. Temperaturu tədricən aşağı salmaq lazımdır. Çünki yüksək temperaturdan aşağı temperatura qəfil keçidin çox ciddi fəsadları ola bilər.
Əgər kondisionerdən istifadə etmirsinizsə xüsusilə günorta saatlarında pəncərələri bağlı saxlayın ki, isti hava kütləsini içəri buraxmayasınız.
Çölə çıxarkən yay üçün nəzərdə tutulmuş baş geyimlərindən və gün eynəklərindən istifadə edin.
İsti havada fiziki işlə çox məşğul olmayın.
Tez-tez duş qəbul edin. Amma elə düşünməyin ki, soyuq duş karınıza çatacaq. İlıq duş qəbul etmək istiyə qarşı daha effektlidir.
Əgər vaxt tapıb çimərliyə getməyi qərara almısınızsa ya səhər 11-ə qədər, ya da saat 17-dən sonra dəniz sahilinə üz tutun.
Yay fəslinin yaratdığı problemlərdən biri də qida məhsullarından tez-tez zəhərlənmə hallarıdır. Buna görə də qida məhsullarının saxlama şəraitinə xüsusi diqqət yetirilməli, marketlərdən ərzaq alarkən onların saxlama şəraiti və yararlılıq müddəti ilə maraqlanmaq lazımdır.
İsti yay günlərində günvurmadan qorunmaq profilaktik tədbirlərin ən başlıcası olmalıdır. Bu təhlükə ilə qarşılaşmamaq üçün saat 11-dən 16-dək günün altında gəzməkdən çəkinin.
Yay fəslində infeksion xəstəliklərə yoluxma halları daha çox olur. Bunun üçün də sanitar-gigiyenik qaydalara ciddi riayət etmək məsləhət görülür.
İlham Cəmiloğlu