
“Ermənistanda girov saxlanılan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət hazırlanır”. Bunu Modern.az saytına Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa deyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilat olan AŞ PA-da bu məsələnin müzakirəsinə mütləq nail olunmalıdır:
“Müraciət imzalandıqdan sonra bu quruma göndəriləcək. Sadəcə olaraq, əsas hədəf odur ki, Ermənistan tərəfi iki azərbaycanlının Kəlbəcər ərazisində tutulduğunu deyib. Bu, çox yaxşı faktdır. Ermənistan rəsmiləri bunu bildirilməklə Kəlbəcərin Azərbaycan ərazisi olduğunu, yad torpaqları işğal etdiklərini və işğalçı dövlət olduqlarını birdəfəlik etiraf edirlər. Əgər özünü Azərbaycan torpaqlarında qəhrəman kimi göstərirsənsə, bu o deməkdir ki, işğalçısan. Bu, işğalçı olmağın etirafıdır. Ona görə də ermənilər çox ciddi yerdə ilişiblər. Bu məsələ mütəmadi olaraq gündəmə gətirilməli və AŞ PA-da da məsələnin müzakirəsinə nail olmalıyıq”.
Bununla belə, deputat bu quruma müraciətdən ümid gözləmədiyini də qeyd edib: “Əslində, AŞ PA azərbaycanlı girovların məsələsinə biganə qalacaq. Nəticəyə kömək edəcəklərini gözləmirik. Ümumi aparılan siyasət də buna imkan vermir. Hər halda, əlimizdən gələni etməliyik. Elə məsələlər var ki, bu, diplomatik üsullara söykənir. İşğalçıya qarşı bizim mübarizəmizin bir hissəsidir. Bu edilməlidir. AŞ PA-nın kömək edib-etməyəcəyi bizi narahat etməməlidir. Çünki 20 ildir Qarabağ məsələsi beynəlxalq qurumları narahat etmirsə, dəyişiklik gözləməyə dəyməz”.
Qeyd edək ki, bir neçə gün bundan qabaq Ermənistanın işğalı altındakı Kəlbəcər rayonuna gedən üç soydaşımız düşmən hərbçilərinə tuş gəliblər. Erməni tərəfi onlardan iki nəfəri - Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürüldüyünü, Həsən Həsənovun isə öldürüldüyünü bəyan edib.
Namidə BİNGÖL