Modern.az

Bolqarıstanda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Bolqarıstanda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Aktual

Bu gün, 22:30

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi tərəfindən Sofiya şəhərində 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, tədbirdə fəxri qonaq qismində Bolqarıstan Respublikasının Baş nazirinin müavini, İqtisadiyyat, sərmayə və sənaye naziri Aleksandr Pulev, Energetika naziri İva Petrova, İnnovasiya və rəqəmsal transformasiya naziri İvan Vasilyev, Turizm naziri İlin Dimitrov, Xarici işlər nazirinin müavini səfir Kristo Polendakov, və digər bir sıra nazirliklərdən nazir müavinləri, Prezident və Baş nazirin administrasiyalarının yüksək vəzifəli nümayəndələri, parlamentin deputatları, şəhərlərin merləri, universitetlərin rektorları, Bolqarıstanda akkreditə olunmuş səfirlər və diplomatik korpusun digər üzvləri, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, iş adamları, media rəhbərləri, eləcə də Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının və Bolqarıstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elmar Məmmədov və Bolqarıstan Respublikasının Baş nazirinin müavini Aleksandr Pulev çıxış ediblər.

Səfir Elmar Məmmədov çıxışında bu il müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümünün qeyd olunduğunu diqqətə çatdıraraq, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

O, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində müstəsna rolunu xüsusi qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma və quruculuq işlərinin başlandığını, eləcə də davamlı sülhün təmin edilməsi məqsədi ilə Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülh sazişinin paraflandığını bildirib.

İkitərəfli münasibətlərə toxunan səfir Elmar Məmmədov Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı etimada, yüksək səviyyəli siyasi dialoqa və enerji, nəqliyyat, rəqəmsal bağlantılar, ticarət, mədəniyyət və təhsil sahələrində genişlənən əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığın mövcud olduğunu vurğulayıb. Bu xüsusda o, 2015-ci ildə Sofiyada imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni və 2024-cü ildə Bakıda imzalanmış Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannaməni ikitərəfli münasibətlərin mühüm mərhələləri kimi qeyd edib.

Çıxış zamanı humanitar və mədəni əməkdaşlığın inkişaf edən istiqamətlərinə xüsusi diqqət yetirilib, Şuşa və Veliko Tırnovo şəhərləri arasında qardaşlaşma münasibətləri, eləcə də Veliko Tırnovo şəhərində inşa olunacaq “Şuşa Parkı” layihəsinin iki ölkə arasında dostluğun və strateji tərəfdaşlığın rəmzi olacağı vurğulanıb.

Baş nazirin müavini Aleksandr Pulev çıxışında Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib və Azərbaycanın Bolqarıstanın etibarlı strateji tərəfdaşı olduğunu vurğulayıb.

Qəbul zamanı qonaqlara xüsusi videoçarx nümayiş etdirilib, videoçarxda Azərbaycanın zəngin tarixi, mədəni və dini memarlıq irsi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də Azərbaycanda elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Bakı şəhərinin və Azərbaycanın regionlarının tarixi və müasir memarlıq üslublarının vəhdətini əks etdirən görüntülər təqdim olunub. 

Tədbir tanınmış bolqar bəstəkarı və pianoçusu Minko Lambov və vokalist Valentina Dimitrova tərəfindən Azərbaycan musiqi əsərlərinin ifa olunduğu mədəni proqramla davam edib, daha sonra qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı