Azərbaycanda ötən il 41 erkən evliliyin qarşısı alınıb.
Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Mənim səsim-mənim hüquqlarım” mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Komitə sədri onu da əlavə edib ki, 2025-ci ildə 176 uşaq bioloji ailələrinə reinteqrasiya edilib, 40 uşaq isə himayədar ailələrə yerləşdirilib:
“Dövlət siyasətinin mühüm istiqamətlərindən biri uşaqların ailə mühitində böyüməsinin təmin edilməsidir.
Son illərdə yüzlərlə uşağın ailə mühitinə qaytarılması təmin olunub ki, bu da uşağın ən yaxşı mənafeyi prinsipinin uğurlu tətbiqinin göstəricisidir”.
B.Muradova həmçinin vurğulayıb ki, uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində 150 min 954 uşağa müxtəlif növ sosial müavinətlər ödənilib.