Modern.az

“Bakılı”ların erməni sevgisi

“Bakılı”ların erməni sevgisi

Aktual

13 Avqust 2014, 16:03

Eldəniz Elgün

Sanço Pançoların Don Kixot axtarışı

Son illərin ən maraqlı psixoloji anormallığı ermənilərə olan münasibətimizdir. Kütlə psixologiyasının tüğyan elədiyi məqamlarda, rayonların işğal ildönümlərində uşaqdan böyüyə qədər hamımız ermənilərə bəzən nifrət, bəzənsə qınaq obyekti olaraq yanaşırıq. Xocalı soyqırımının ildönümündə Azərbaycan az qala ayağa qalxır.
Amma 4 il üzərində işlədiyim, erməni toplumunun psixologiyasını incəliyinə qədər təsvir edən “Erməni psixologiyası” kitabının çapına dəstək verən ya olmadı, olanların isə böyük əksəriyyəti ya özünün, ya da arvad-uşağının da müəllif kimi adının kitabda dərc olunmasını tələb etdi.
Mənimlə telefon danışığından təxminən bir neçə gün sonra isə televiziyalarda gözləri hədəqəsindən çıxmış şəkildə ermənilərə nifrət dolu bəyanatlar səsləndirdiklərini görüb, nə qədər mənasız və yalançı bir tərbiyə sahibi olduqlarını gördüm. Amma kim nə deyir-desin, ümumilikdə götürəndə bu toplum tolerant xalqdır və Tovuz rayonunda əsir götürülən (sonra qəflətən ölən) erməniyə adi vətəndaşların “ayə, niyə müharibə eleyersiniz?” məzmunlu sadəlöhv sual verməsi, qarşısına sərin pivə qoymaları bunun təsdiqi idi. Həm də bu tolerantlıq sadəcə olaraq Xudayar bəydən nə zamansa eşşəyini geri almağa ümidli olan Məmmədhəsən əminin inamı səviyyəsindədir.

İndi haqqında yazacağım erməni sevgisi tam başqa sevgidir və kökləri də uzaqlardan gəlir. Keçək mətləbə...

Son üç ayda Azərbaycanda “dövlətə xəyanət” maddəsi ilə ittiham olunanların sayı artdı və ittiham olunanlar da bəyan etdilər ki, onlar sadəcə olaraq “xalq diplomatiyası” ilə məşğul olublar. Bununla yanaşı, Əkrəm Əylisli simasında bədii “nümunənin”, politoloqlar səviyyəsində Azərbaycanın köklü dövlət olmasına şübhə ilə yanaşmaların da şahidi olduq. Və çox maraqlı bir prosesi izləmək zorunda qaldım. BAKIDA ERMƏNİLƏRƏ BİR NOSTALJİ YARANIB. Bunun yaranma səbəblərini isə indi bir yerdə aydınlaşdıraq.

1950-ci ildən başlayaraq 1985-ci ilə qədər Azərbaycan daxilində başqa bir Azərbaycanın da olması sirr deyildi. Azərbaycan içindəki başqa Azərbaycan isə sadəcə Bakı və bu dövlətin “sakinləri” olan, özlərini “bakinets” milləti adlandıran təbəqə idi (əsrlər boyu Bakıda yaşayan insanların bunlara zərrə qədər aidiyyatı yoxdur-E.E.).
Məhz həmən illərdə formalaşan Azərbaycan elitası da bu şəxslərin çiynində idi. ”Bakinets” milləti yəhüdilərdən, ruslardan, ermənilərdən, hər zaman onların yanında AZƏRBAYCANLI olmalarına görə psixoloji komplekslər yaşayan azərbaycanlılardan təşkil olunmuşdu. Amma zaman dəyişdi, bu “millət” sıradan çıxdı. Bu “millətdən” formalaşan və bu günün özünə qədər də toplumun elitasında hansısa formada təmsil olunan fərdlər qaldı. Bu fərdlər üçün isə dünən günbəgün, daha da şirinləşir və bu şirinliyi geri qaytarmaq üçün istənilən güzəştə belə, getməyə hazır durumdadırlar.

Bu gün Rusiyada, İsraildə, ABŞ-da, Avropada və Bakıda yaşayan “bakinets”lər yaranmış siyasi situasiyaya uyğun olaraq nədənsə keçmişə qayıtmaq üçün bütün güclərini səfərbər ediblər və yenə də “bakinets” adına sadiq qaldıqlarını sübutlamaq üçün erməni sevgisini ortaya qoyublar. Və bu sevgi nədənsə Sanço Pançonun Don Kixota olan sevgisi qədərdir və hər zaman “bakinets”lərin yəhüdi, erməni qollarını özlərindən üstün tutan Sanço Pançsolar aktivliklərini daha da artırırlar.

Çox qəribədir ki, öz xalqına Raslinkov qorxusu ilə yanaşan “bakinets”lər son illər həm də Avropa və ABŞ-ın beyin mərkəzlərinin diqqətini cəlb etdilər və onlar qısa zaman ərzində “xalq diplomatiyasının” qaranquşlarına çevrildilər. Niyə məhz onlar seçildilər? Ona görə ki, istər Avropaya, istərsə də ABŞ-a Azərbaycan hakimiyyətinə təzyiq etmək üçün güclər lazım idi. Keçmişə nostalji, bu günə nifrət hissləri günbəgün artan “bakinets”lər bu baxımdan onlar üçün əvəzolunmaz xammal idi. Çünki onlarda həm də vətən, millət və ən əsası dövlət anlayışı tamam fərqlidir.

Amma bu gün Avropa, ABŞ meyarlarını, demokratiyasını belə, alqışlayan “bakinets”lər üçün Rusiya faktoru əvəzolunmaz olaraq qalır və son məqamda bunlar həm də “5-ci kalon”un sadiq, yorulmaz əsgərləri kimi qalacaqlar.

Sonda isə maraqlı bir məqama da toxunmaq istəyirəm. Bu gün sadə azərbaycanlının da içində erməni toplumuna bir istilik, altşüurda yaxınlaşma hissləri var. Bunun bariz nümunəsi isə guya erməninin cılızlığını nümayiş etdirmək üçün dediyimiz aşağıdakı sözlərdir:
”ERMƏNİLƏR YAZIQDIR, HƏR ŞEYİ QATIB-QATIŞDIRAN RUSİYADIR”.
Özümüzü aldatmayaq, altşüurumuza soxulan bu fikir ermənilərin cılızlığını nümayiş etdirmək üçün yox, ermənilərə sabah haqq qazandırmaq üçün bu gündən qoyduğumuz ayaq yeridir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı