“Qlobal siyasətdə güc balansını müəyyən edən əsas amillərdən biri enerji olaraq qalır. Dünyada müharibələrin, iqtisadi sanksiyaların, nəqliyyat marşrutları uğrunda rəqabətin və enerji bazarındakı dalğalanmaların fonunda enerji məsələsi artıq iqtisadi kateqoriya çərçivəsindən çıxaraq açıq şəkildə geosiyasi alətə çevrilib”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib:
“Məhz belə mürəkkəb beynəlxalq reallıqda Bakıda 1-3 iyun tarixlərində keçirilən Bakı Enerji Həftəsi sadəcə növbəti sektor tədbiri kimi deyil, regionun siyasi-iqtisadi çəkisini göstərən strateji platforma kimi diqqət çəkir. Uzun illərdir təşkil olunan bu tədbir Azərbaycanın enerji diplomatiyasının praktik mexanizmlərindən biridir. Burada yalnız şirkətlər öz məhsullarını nümayiş etdirmir, paralel şəkildə dövlət maraqları, enerji təhlükəsizliyi məsələləri, investisiya istiqamətləri və yeni əməkdaşlıq konturları müzakirə edilir.
Bu gün dünya enerji bazarı ciddi transformasiya yaşayır. Bir tərəfdə ənənəvi enerji resurslarından tam imtina çağırışları, digər tərəfdə isə reallığın diktə etdiyi enerji təhlükəsizliyi tələbləri dayanır. Son illərin beynəlxalq təcrübəsi göstərdi ki, bərpaolunan enerji siyasəti nə qədər sürətlə inkişaf etsə də, neft və qaz hələ də qlobal iqtisadiyyatın əsas dayaqları olaraq qalır. Avropada yaşanan enerji böhranları bunu bir daha sübut etdi. Belə bir şəraitdə Azərbaycanın rolu əvvəlki dövrlərlə müqayisədə daha çox əhəmiyyət qazanır”.
Deputat vurğulayıb ki, Bakı Enerji Həftəsinin gündəliyində yaşıl enerji, dekarbonizasiya, rəqəmsallaşma və süni intellekt kimi mövzuların yer alması təsadüfi deyil:
“Bu, həm qlobal iqtisadi tendensiyaların təsiri, həm də Azərbaycanın enerji siyasətinin yeni dövrə uyğunlaşmaq niyyətinin göstəricisidir. Xüsusilə Xəzərin böyük külək potensialı, alternativ enerji layihələrinə artan beynəlxalq maraq və xarici investorların fəallığı ölkənin enerji strategiyasında yeni mərhələnin formalaşdığını göstərir. Digər mühüm məqam isə tədbirin diplomatik ölçüsüdür. Onlarla ölkədən nümayəndələrin, transmilli şirkət rəhbərlərinin və beynəlxalq institutların eyni platformada toplanması göstərir ki, enerji artıq yalnız iqtisadi əməkdaşlıq deyil, həm də siyasi dialoq vasitəsinə çevrilib. Müasir dövrdə enerji forumları çox zaman qapalı kabinet diplomatiyasının açıq meydandakı davamı funksiyasını daşıyır. Azərbaycan üçün bu platformanın əlavə üstünlüyü ondan ibarətdir ki, ölkəmiz özünü Şərq ilə Qərb, istehsalçı ilə istehlakçı bazarları arasında etibarlı əlaqələndirici kimi təqdim etmək imkanı əldə edir. Bu isə beynəlxalq münasibətlər sistemində siyasi manevr imkanlarını genişləndirən amillərdəndir.
Eyni zamanda, enerji sektorunda texnologiyanın artan rolu da diqqətdən kənarda qalmır. Süni intellekt həlləri, rəqəmsal idarəetmə modelləri, ekoloji məsuliyyət və “Zero Waste”, “Zero Food Waste” yanaşmaları göstərir ki, müasir enerji sənayesi artıq yalnız hasilat və satış üzərində qurulmur. Yeni dövrdə rəqabət texnoloji üstünlük, innovasiya və idarəetmə keyfiyyəti üzərində formalaşır. Bütün bunların fonunda Bakı Enerji Həftəsi Azərbaycanın beynəlxalq enerji gündəmində mövqeyini əks etdirən uzunmüddətli strateji baxışının nümayişidir. Rəsmi Bakı əhəmiyyətli dərəcədə transformasiyaya uğrayan qlobal enerji arxitekturasında həm ənənəvi enerji tədarükçüsü, həm də yaşıl transformasiya prosesinin tərəfdaşı olmaq niyyətini açıq şəkildə ortaya qoyur.
Dünya yeni enerji düzəninə doğru hərəkət edir. Bu düzənin necə formalaşacağı barədə mübahisələr isə davam etməkdədir. Ancaq bir məqam artıq aydındır ki, enerji məsələsinin müzakirə olunduğu əsas ünvanlardan biri kimi, Bakı da qlobal enerji bazarında özünün siyasi və iqtisadi çəkisini artırmaqda davam edir”.