Salyanda 5 iyun-Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd edilib.
Modern.az xəbər verir ki, əlamətdar gün münasibətilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Salyan təşkilatının sədri Elmar Əhmədov və Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı idarəsinin, Baş Mil Muğan Kollektoru İstismarı İdarəsinin rəhbərləri və kollektivləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsinə gül dəstələri düzüb, dahi şəxsiyyətin ruhuna ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov su təsərrüfatı və meliorasiya sahəsində çalışan mütəxəssisləri peşə bayramları münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Çıxışında Ulu Öndər Heydər Əliyev ideyalarının dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görüldüyünü qeyd edib.
Peşə bayramı münasibətilə su təsərrüfatı və meliorasiya sahəsində çalışan əməkdaşların fəaliyyəti yüksək qiymətləndirilib, onların ölkəmizin su ehtiyatlarının səmərəli idarə olunması və meliorasiya sistemlərinin dayanıqlı fəaliyyətinin təmin edilməsində mühüm rol oynadıqları vurğulanıb. Sonda fəaliyyətlərində fərqlənən bir qrup su təsərrüfatı və meliorasiya işçisi fəxri fərmanla təltif olunublar.