Azərbaycanda avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün sahələrdə avtonom (sürücüsüz) nəqliyyat vasitələrinin tətbiqi nəzərdə tutulur. Bununla bağlı bir sıra məcəllə və qanunlara dəyişiklik edilməsini nəzərdə tutan layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılıb. Layihənin məqsədi sürücüsüz nəqliyyat üçün hüquqi, texnoloji və institusional baza yaratmaqdır.
Modern.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev qanunvericilik bazasının yaradılmasını müsbət addım hesab etsə də, infrastruktur məsələsinə diqqət çəkib:
"Müasir avtomobillər lazımi sensor və kameralarla təchiz olunub. Lakin sistemin işləməsi üçün yolun infrastrukturu, nişanlanma xətləri, körpülər, səkilər və bardürlər həmin standarta uyğun olmalıdır ki, avadanlıq onları tanıya bilsin. Bu planın tam reallaşması üçün ən azı 20-30 il lazımdır. Hər hansı qayda pozuntusu və ya qəza olduqda cəriməni robotun, proqramçının, yoxsa maşın sahibinin ödəyəcəyi isə gələcəyin mövzusudur".
Komitənin sədr müavini Azər Badamov isə bildirib ki, layihədə operatorların sertifikatlaşdırılması, kibertəhlükəsizlik və məsuliyyət mexanizmləri əksini tapıb:
"Avtonom nəqliyyat vasitələrinə xüsusi qeydiyyat nişanları veriləcək, mülki pilotsuz uçuş aparatları isə xüsusi icazə tələb olunan əşyalar siyahısına salınacaq. Bu vasitələr yalnız xüsusi sertifikatlı operatorlar tərəfindən idarəetmə mərkəzlərindən idarə olunacaq. Qəza və ya nasazlıq hallarında məsuliyyəti müəyyən etmək üçün hərəkət məlumatları və videoqeydlər ən azı 6 ay saxlanılacaq".
Deputat həmçinin qeyd edib ki, sürücüsüz nəqliyyat yalnız müvafiq texnoloji infrastrukturu olan yollarda hərəkət edə biləcək. Yarana biləcək nasazlıqlara görə isə məhz operatorlar məsuliyyət daşıyacaqlar.
Töhfə Səməd