İyunun 5-i günorta saatlarında 62 yaşlı İçərişəhər sakini ilə gənc arasında insident baş verib. Belə ki, 62 yaşlı sakin şortik geyinən gəncə hücum edib, onun ifadəsinə nalayiq sözlər səsləndirib.
Modern.az xəbər verir ki, 62 yaşlı İçərişəhər sakini yayılan görüntülərdə işlətdiyi nalayiq ifadələrə görə Azərbaycan xalqından və gəncin ailəsindən üzr istəyib.
Onun sözlərinə görə, hadisə məhəllədə yerləşən səkinin üzərində baş verib. Sakin deyib ki, gəncin oturuş formasını uyğun hesab etmədiyi üçün ona iradını bildirib.
“Yaxınlaşıb dedim ki, belə oturmaq düzgün deyil, buradan yaşlılar və ailəli insanlar keçir. O isə mənə "get işinlə məşğul ol" dedi. Bu cavabı hörmətsizlik kimi qəbul etdim”.
Sakin görüntülərdə səsləndirdiyi söyüşlərə görə təəssüfləndiyini vurğulayaraq, bunu qəsdən etmədiyini bildirib.
“62 yaşım var, ömrüm boyu bu məhəllədə yaşamışam. Bu vaxta qədər heç kimlə mübahisəm olmayıb. İşlətdiyim ifadələrə görə Azərbaycan xalqından, həmin gəncin valideynlərindən üzr istəyirəm”, - deyə o qeyd edib.
Daha ətraflı videomaterialda: