Modern.az

Türk dünyası daxilində əlaqələr 30-dan çox sektora genişlənib

Türk dünyası daxilində əlaqələr 30-dan çox sektora genişlənib

Aktual

Bu gün, 16:16

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər Kürşad Zorlu türk dövlətləri arasında əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini bildirib.

Modern.az xəbər verir ki, Ankarada “Türk Dünyasının İnteqrasiyasında Yeni Üfüqlər: Ortaq Gələcəyə Doğru Strateji Baxış” mövzusunda keçirilən simpoziumda çıxış edən Kürşad Zorlu bildirib ki, vaxtilə cəmi bir neçə istiqamət üzrə inkişaf edən əlaqələr hazırda 30-dan çox sektor və sahəni əhatə edir.

Onun sözlərinə görə, demək olar ki, bütün nazirliklər çərçivəsində türk dünyası ilə bağlı birbaşa və ya dolayı fəaliyyət həyata keçirilir.

“Bizi bir-birimizə bağlayan ən mühüm amil ortaq dilimiz və qədim mədəniyyətimizdir. Türk dünyasını yalnız Türk Dövlətləri Təşkilatı ilə məhdudlaşdırmırıq, daha geniş könül coğrafiyası kimi qiymətləndiririk”, – deyə o vurğulayıb.

Zorlu qeyd edib ki, Türk Dövlətləri ilə Əlaqələr İdarəsi tərəfindən hazırlanan Türk Dünyası Vətəndaş Cəmiyyəti Dəstək Sistemi (TÜDSES) layihəsinin proqram təminatı artıq tamamlanıb.

“Bütün vətəndaş cəmiyyəti təşkilatlarını vahid rəqəmsal platformada bir araya gətiririk. Layihənin təqdimatı iyunun 23-də İstanbulda keçiriləcək. Bu sistem vasitəsilə təşkilatlar bir-biri ilə əlaqə qura, problemlərini və təkliflərini aidiyyəti qurumlara çatdıra biləcəklər”, – deyə o bildirib.

Kürşad Zorlu həmçinin Türk Dünyası Gənclər Düşərgəsinin iyulun 3-5-də Kocaelidə keçiriləcəyini açıqlayıb.

O, iqtisadi əməkdaşlığın gücləndiyini qeyd edərək Bakı–Tbilisi–Qars dəmir yolunun tam gücü ilə fəaliyyət göstərdiyini, Zəngəzur dəhlizi, Xəzər keçidli enerji layihələri, İnkişaf Yolu və Hicaz dəmir yolu layihələri üzərində işlərin davam etdiyini bildirib.

Zorlu türk dövlətləri arasında ortaq əlifba, terminologiya və kommunikasiya dili istiqamətində atılan addımların sürətlənəcəyinə inandığını da vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi