Modern.az

Şagirdlər aqrar təhsilin üstünlükləri ilə tanış oldular - FOTO

Şagirdlər aqrar təhsilin üstünlükləri ilə tanış oldular - FOTO

Aktual

30 May 2026, 17:51

Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Lerik şəhər M.Bağışov adına 3 nömrəli tam orta məktəbdə və V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyada şagirdlərlə “Gələcəyimiz dayanıqlı kənd təsərrüfatına söykənir” mövzusunda maarifləndirici görüş keçirilib.

Modern.az xəbər verir ki, görüşlərin əsas məqsədi şagirdlərə aqrar təhsilin əhəmiyyəti, kənd təsərrüfatı sahəsində peşəkar kadr hazırlığının rolu, bu istiqamətdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin imkanları, eləcə də mövcud ixtisasların perspektivləri barədə ətraflı məlumat vermək olub.

Görüşdə aqronomluq, baytarlıq, zootexniklik və digər aqrar ixtisaslar üzrə təqdimatlar keçirilib, kənd təsərrüfatı sektorunda müasir çağırışlar və karyera imkanları barədə şagirdlərə məlumat verilib.

Tədbirdə çıxış edən Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Cahani Nüsrətzadə bildirib ki, ölkədə aqrar sahənin inkişafı üçün peşəkar və savadlı mütəxəssislərin hazırlanması mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, gənclərin aqrar təhsilə marağının artırılması, onların gələcək peşə seçimində düzgün istiqamətləndirilməsi kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verir.

Direktor vurğulayıb ki, aqrar sahə yalnız ənənəvi təsərrüfat fəaliyyəti deyil, eyni zamanda müasir texnologiyalar, innovativ yanaşmalar və elmi biliklər üzərində qurulan strateji bir sektordur. Bu baxımdan məktəblilərin erkən yaşlardan aqrar peşələr barədə məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir.

Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, aqrar təhsil və bu sahədə karyera imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda şagirdlərə maarifləndirici materiallar təqdim olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ