“Yüksəliş” müsabiqəsinin finalçısı Bahadur Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib.
Modern.az xəbər verir ki, Bahadur Rzayev 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Birmingem Universitetində “Səhiyyə siyasəti və idarəolunması” ixtisası üzrə təhsil alıb və proqramı birinci olaraq başa vurub.
O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, İstanbul Universitetində isə təşkilatların idarəolunması üzrə magistr təhsili alıb. 2018-2019-cu illərdə Almaniyanın RWTH Aachen Universitetində liderlik və təşkilati səmərəliliyin artırılması mövzusunda elmi araşdırmalar aparıb.
Bahadur Rzayev əmək fəaliyyətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri kimi çalışıb, reabilitasiya xidmətlərinin təşkili, keyfiyyətə nəzarət və xidmətlərin idarə olunması istiqamətlərində fəaliyyət göstərib. Sonradan Agentliyin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində işləyib.
Səhiyyə menecmenti, tibbi xidmətlərin təşkili, səhiyyədə rəqəmsal həllər, keyfiyyət idarəçiliyi və strateji planlaşdırma sahələrində ixtisaslaşan B.Rzayev yeni təyinatadək TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb.