Modern.az

Şotlandiyanın müstəqilliyi Britaniyanın hərbi qüdrətini azaldacaq - ŞƏRH

Şotlandiyanın müstəqilliyi Britaniyanın hərbi qüdrətini azaldacaq - ŞƏRH

Aktual

17 Sentyabr 2014, 16:36


Sentyabrın 18-də Şotlandiyada müstəqillik barədə referendum keçiriləcək. Şotlandiyalılar bülletendəki – “Şotlandiya müstəqil dövlət olmalıdırmı” sualına “hə”, yaxud “yox” cavabını verməlidir. Şotlandiyada qeydiyyatda olan və daimi yaşayan 4 milyon 200 min Böyük Britaniya vətəndaşının iştirak edəcəyi səsəvermə, nəticəsindən asılı olaraq həm Böyük Britaniyanın, həm də Avropa Birliyinin həyatına böyük təsir göstərəcək.

Həlledici gün öncəsi Şotlandiya ərazisində müxtəlif sosioloji sorğular keçirilir. Sorğular müstəqillik və krallıq tərkibində yaşamaq istəyən şotlandların təxminən eyni sayda olduğunu göstərir. Yekun cavab yalınz referedum zamanı veriləcək.

Şotlandiyanın müstəqil dövlət olmasının əsas təşəbbüskarı Şotlandiya Milli Partiyasıdır. 2007-ci ildə Şotlandiya parlamentinə keçirilən seçkilərdə 127 mandatın 47-sini qazanan  partiya nümayəndələri, 2011-ci ildə daha bir üstünlük qazanıblar. Onlar 69 deputat mandatı əldə edərək parlamentdə çoxluğu ələ keçiriblər. Partiyanın sədri Aleks Salmond isə Şotlandiyanın 1-ci naziri olub.

Ölkəsinin Böyük Britaniya Krallığının tərkibindən çıxmasının qızğın tərəfdarı olan Salmond hələ 2009-cu il noyabrın 30-da  ictimaiyyətə açıqlanan referendum planını gerçəkləşdirməyə başlayıb. 2012-ci il yanvarın 10-da referendumun tarixi ilə bağlı dəqiq tarix açıqlanıb – 2014-cü il sentyabrın 18-i.   Aydın məsələdir ki, Şotlandiyanın müstəqilliyi heç bir halda İngiltərənin maraqlarını təmin etmir. İstər siyasi, istərsə də iqtisadi baxımdan bu hadisə Böyük Britaniya Krallığının qlobal önəmini azaldacaq. İqtidardakı Mühafizəkarlar Partiyası müxalifətdə olan əsas rəqibləri Leyboristlər Partiyası ilə bu məsələdə vahid mövqe nümayiş etdirib. Baş nazir Devid Kemeron və Leyboristlər partiyasının sədri Ed Milibend ayrı-ayrılıqda Şotlandiyaya səfər edərək referenduma “yox” deyək, “birlikdə yaxşıdır” kampaniyasına dəstək veriblər.

“Bu qərar bizim xalqlar ailəsini dağıda və Şotlandiya Birləşmiş Krallıqdan ayıra bilər. Şotlandiyanın müstəqillik haqqında referendumu ayrı yaşamağa deyil, boşanmaya gətirib çıxaracaq”,  - deyə Kemeron son günlər ərzində Şotlandiyaya etdiyi 2-ci səfər zamanı bəyan edib.

O, faktiki olaraq Şotlandiyanın müstəqil dövlət olacağı halda bir daha Böyük Britaniyanın tərkibinə dönə bilməyəcəyini bildirmək istəyib.

Rəsmi London referendumda “yox” cavabının çıxacağı halda Şotlandiyaya vergi toplama və büdcə formalaşdırma sahəsində daha çox səlahiyyət verəcəyini bildirib. Britaniyalı siyasətçilərin belə ciddi cəhdlə şotlandları müstəqillik yolundan döndərmək istəmələri bir neçə önəmli faktorla bağlıdır. İlk növbədə, 78 min 700 kavdrat kilometr əraziyə, 5,2 milyon sakinə malik Şotlandiyanın müstəqilliyi Britaniya xəzinəsinə daxil olan vergilərin azalmasına, ərazi itkisinə səbəb olacaq. Böyük Britaniya hərbi qüdrətinin 10 faizini itirəcək.


Maraqlıdır ki, Böyük Britaniyanın bütün nüvə başlıqlı hərbi gəmiləri Şotlandiyanın Fasleyn limanında yerləşir. Şotlandiyanın ittifaqdan çıxacağı təqdirdə həmin atom qayıqlarının limanı tərk etməsi üçün milyardlarla vəsait tələb olunacaq. Britaniya vitse-admiralı Con Makanalli bu hadisənin Böyük Britaniyanın BMT  Təhlükəsizlik Şurasındakı daimi üzvlük məsələsinin və nüvə dövləti kimi mövcud olmasının sual altına alınacağını söyləyib.

Şotlandiya Milli Partiyasının sədri Aleks Salmond isə Şotlandiyanın müstəqil olacağı təqdirdə kraliça Yelizavetanın yenə də Şotlandiyanın ali rəhbəri sayılacağını və funt-sterlinqdən istifadəyə davam edəcəyini deyib.

Tərəflər arasında Fasleyn limanında Britaniya gəmilərinin qalması qarşılığında, Şotlandiyanın pul vahidi kimi funt-strelinqdən istifadə etməasi barədə razılıq əldə olunub.

Nəticəsindən asılı olmayaraq, Böyük Britaniyadan ayrılmaq qərarını yalnız şotlandların özləri verəcək. Məhz sabahkı referendum Şotlandiyanın gələcək taleyini müəyyən edəcək gün olacaq.  

Vüqar İsmayılov   

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı