Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “QS Higher Ed Summit: Europe 2026” (24-25 iyun) çərçivəsində təşkil edilmiş Azərbaycan pavilyonunda Bakı Mühəndislik Universiteti (BMU) ölkəmizin ali təhsil sistemini təmsil edən universitetlər sırasında yer alır.
Modern.az xəbər verir ki, Azərbaycan pavilyonu ölkənin ali təhsil sisteminin beynəlxalq səviyyədə təşviqi, yeni akademik əməkdaşlıqların qurulması üçün mühüm platforma rolunu oynayır. Pavilyonda BMU-nun son illərdə əldə etdiyi nailiyyətlər, QS reytinqlərində qazandığı uğurlar, müasir təhsil proqramları, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əlaqələri, ikili diplom proqramları, Texnoparkı, innovasiya ekosistemi və müasir laboratoriyaları haqda məlumatlar iştirakçılara təqdim olunur.
Bu il fəaliyyətinin 10 illiyini qeyd edən BMU gənc ali təhsil müəssisəsi olmasına baxmayaraq, öz akademik potensialını beynəlxalq səviyyədə təsdiqləməyi bacarıb. Dünya universitetlərinin bu ay açıqlanan yeni QS reytinqində universitet növbəti uğura imza atıb. Ötən il ilk dəfə dünya üzrə TOP 1000 universitet sırasına daxil olan BMU bu il daha 31 pillə irəliləyərək 851-900-cü yerlər aralığında qərarlaşıb. Universitet son iki il ərzində bu nüfuzlu reytinqdə ümumilikdə 580 pillə yüksəlməyə nail olub ki, bu da onun dinamik inkişafının mühüm göstəricisidir. BMU bu il, həmçinin ilk dəfə QS-in 2026-cı il fənn reytinqində təmsil olunaraq iki ixtisas istiqaməti üzrə uğurlu nəticələr əldə edib. Ali məktəb Avropanın ən yaxşı universitetlərinin reytinqində 96 pillə irəliləyərək 395-ci yerdə qərarlaşıb. Eyni zamanda, Qərbi Asiya universitetləri reytinqində region üzrə 23-cü mövqedə yer alıb.
Qeyd edək ki, QS sammitində Azərbaycanı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, “Study in Azerbaijan” layihəsi, eləcə də ölkənin aparıcı ali təhsil müəssisələrinin rektorları və nümayəndələrindən ibarət heyət təmsil edir. BMU-nun rektoru Yaqub Piriyev və universitetin nümayəndələri sammit çərçivəsində keçirilən müzakirələrdə və işgüzar görüşlərdə iştirak edərək ali məktəbin beynəlxalq əməkdaşlıq istiqamətləri, akademik inkişaf prioritetləri və son illərdə əldə olunan nailiyyətləri barədə məlumat verirlər.
Sammitdə ali təhsil sektorunun strateji inkişafı, beynəlmiləlləşmə prosesləri, beynəlxalq reytinqlərdə irəliləyiş imkanları, süni intellekt erasında tələb olunan bacarıqlar və qlobal əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılır.
BMU-nun sammitdə iştirakı universitetin qlobal akademik şəbəkələrdə mövqeyinin daha da möhkəmləndirilməsi, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və beynəlxalq auditoriyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

