“Azərbaycan Ordusunun yaranmasından 108 il keçir. 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Dövlətimiz, xalqımız üçün böyük əhəmiyyətə malik olan bu bayram Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə qeyd edilir. Belə ki, həmin sənədə əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı tarix - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub. Azərbaycan Ordusunun bir əsrdən artıq tarixinin mühüm, qürurverici səhifəsi olan tarixi Zəfərimiz, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası keçilən yolun təqdimatı oldu. 44 gündə 30 ilin işğalına son qoyub dünya hərb tarixinə yeni səhifə yazan rəşadətli Ordumuz nəyə qadir olduğunu nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Silahlı Qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Ordu quruculuğu sahəsində mühüm nailiyyətlər sırasında Ulu Öndər Heydər Əliyevin 1971-ci ildə böyük zəhməti sayəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasını qeyd etməliyik. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərbi sahəyə marağın artmasına, azərbaycanlı zabit kadrların hazırlanmasına geniş imkanlar yaratdı”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə də ordu quruculuğu xüsusi diqqətdə oldu: “Müstəqilliyimizin bərpasının ilk illərində yaşanan faciələr, təhlükələr yaddaşlardadır. Bunlar həmin dövrün iqtidarının yarıtmaz siyasətinin nəticəsi idi. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Həm iqtisadi, həm siyasi, həm də hərbi böhran hökm sürürdü. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımız əldən gedirdi. 1992-ci ilin mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı nəticəsində Dağlıq Qarabağ ilə Ermənistan arasında bir bağlantı əldə edilmişdir. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövrü gənc ölkə üçün çox təhlükəli illər, böyük sınaq idi. Ölkə iqtidarı Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədi. Nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı”.
Malik Həsənov vurğulayıb ki, ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atıldı: “Belə ki, Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi”.
Millət vəkili bildirib ki, son 22 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev ordu quruculuğuna xüsusi diqqət göstərdi, uğurlu nəticələr göz önündədir: “Məhz dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması ölkə Prezidentinin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Hər il dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsait ayrılır. Təkcə son iki ilin statistik rəqəmlərinə diqqət yetirmək kifayətdir. 2025-ci ildə dövlət büdcəsinin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. 2026-cı ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 714,8 milyon manat vəsait yönəldilib”.
Malik Həsənov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin uğurlu siyasəti xalqımızın səbirsizliklə gözlədiyi Qələbə gününü addım-addım yaxınlaşdırdı: “2016-cı ilin 2 aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu. Nəhayət, 2020-ci il sentyabrın 27-də düşmən təxribatına cavab olaraq Azərbaycan Ordusunun Zəfərlə nəticələnən haqq yürüşü başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə bayrağımız ucaldıldı”.
Millət vəkili vurğulayıb ki, zəfərlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun məğlubedilməzliyini bir daha nümayiş etdirdi: “44 günlük İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində də hərbi gücümüzün daha da artırılması istiqamətində davamlı addımlar atılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir. Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Prezident İlham Əliyevin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Komando Qüvvələrinin yaradılması Ordunun döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biridir. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. Prezident İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edir və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artırır. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verir”.
Malik Həsənov bildirib ki, qısa təhlil Azərbaycan Ordusunun keçdiyi şərəfli yola bələdçilik edən 108 illik tarixin aydın mənzərəsini yaradır. 108 ildə qazanılan təcrübə, zəfərlər gələcəyə daha böyük inamla addımlamağa stimul verir. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuza diqqət və qayğı davamlıdır.