Son günlər Qərbi və Şimali Avropa rekord isti hava dalğasının təsiri altındadır. İspaniyada temperatur 44 dərəcəyə çatıb, Fransa və Almaniyada isə onlarla insan həddindən artıq istilər səbəbindən həyatını itirib. Bir sıra iri şəhərlərdə ən yüksək – qırmızı xəbərdarlıq səviyyəsi elan olunub.
Modern.az xəbər verir ki, "BBC Türkçə" Avropada isti hava dalğalarının niyə getdikcə daha təhlükəli xarakter aldığını araşdırıb.
Məlumata görə, Avropaya təsir edən isti hava dalğalarının əsas mənbəyi Sahara səhrəsidir. Buradan şimala doğru hərəkət edən isti hava kütləsi yüksək təzyiq sistemi altında sıxışaraq atmosferdə "Omega bloku" adlandırılan meteoroloji hadisəni yaradır. Nəticədə isti hava günlərlə bölgə üzərində qalır və temperatur davamlı olaraq yüksəlir.
Mütəxəssislər bildirirlər ki, son illərdə bu cür yüksək təzyiq sistemləri daha tez-tez və daha uzun müddət müşahidə olunur. Böyük Britaniyanın Meteorologiya Xidmətinin (Met Office) 2024-cü il hesabatına görə, mövsüm normasından 5 dərəcə yüksək temperatur qeydə alınan günlərin sayı iki dəfə, 10 dərəcə yüksək olan günlərin sayı isə dörd dəfə artıb.
Alimlər bunun əsas səbəbinin insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması və qlobal istiləşmə olduğunu vurğulayırlar.
BBC qeyd edir ki, Avropa hazırda dünyanın ən sürətlə istiləşən qitəsidir. Burada temperatur artımı qlobal orta göstəricidən təxminən iki dəfə sürətlə baş verir.
Məqalədə diqqət çəkilən məqamlardan biri də şəhərlərin quruluşudur. Betonlaşma, asfalt örtüyünün geniş yayılması, sıx tikinti və avtomobil nəqliyyatı "istilik adası effekti" yaradır. Məsələn, hava temperaturu 38 dərəcə olduqda ot örtüyünün səthi təxminən 40 dərəcə olduğu halda, asfaltın temperaturu 65 dərəcəyə qədər yüksələ bilir. Gün ərzində yığılan istilik gecə də şəhərlərin soyumasına imkan vermir.
Digər mühüm problem isə kondisionerlərin az yayılmasıdır. ABŞ-də yaşayış evlərinin təxminən 90 faizində kondisioner olduğu halda, Avropada bu göstərici orta hesabla cəmi 20 faizdir. Böyük Britaniyada evlərin təxminən 5 faizində, Almaniyada isə cəmi 3 faizində soyutma sistemi mövcuddur.
BBC vurğulayır ki, yüksək temperaturla yanaşı havadakı rütubət də insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Nəmlik artdıqca bədənin tərləmə yolu ilə soyuma mexanizmi zəifləyir və istilik vurması riski yüksəlir.
Araşdırmaya əsasən, son dörd ildə dünyada 200 mindən çox insan yüksək temperaturla əlaqəli səbəblərdən həyatını itirib. Son 20 ildə isə isti hava ilə bağlı ölüm halları təxminən 30 faiz artıb.
Mütəxəssislər əhaliyə günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı, bol maye qəbul etməyi və xüsusilə yaşlı insanların vəziyyəti ilə maraqlanmağı tövsiyə edirlər.