Dini mövzuların mediada, xüsusilə rəqəmsal platformalarda təqdimatı həssaslıq və obyektivlik prinsipləri əsasında qurulmalı, bu sahədə media ilə dini qurumlar arasında sıx əməkdaşlıq təmin edilməlidir.
Modern.az xəbər verir ki, bunu Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” adlı konfransı çərçivəsində media nümayəndələrinə açıqlamasında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
O qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər il Milli Mətbuat Günü ərəfəsində media nümayəndələrinin iştirakı ilə ənənəvi konfranslar təşkil edir və bu tədbirlərdə media-din münasibətlərinin müxtəlif aspektləri müzakirə olunur.
Sədr müavininin sözlərinə görə, builki konfransın əsas mövzusu dini sabitliyin qorunmasında birgə məsuliyyətə həsr olunub. O vurğulayıb ki, din mövzusu rəqəmsal mühitdə ən aktual, eyni zamanda ən həssas sahələrdən biridir və bu səbəbdən media, dini qurumlar, dini icmalar və din xadimlərinin birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
“Konfransa media nümayəndələri ilə yanaşı, bölgədə fəaliyyət göstərən müsəlman, xristian və yəhudi din xadimləri də dəvət olunub. Tədbir çərçivəsində şimal bölgəsində fəaliyyət göstərən məscidlərə və sinaqoqa media turu da təşkil ediləcək”.
O əlavə edib ki, panel müzakirələrində jurnalistlərlə yanaşı tanınmış ilahiyyatçılar, Azərbaycan İlahiyyat İnstitutunun müəllim və əməkdaşları, həmçinin ictimaiyyət nümayəndələri və ziyalılar iştirak edəcəklər.
Sədr müavini qeyd edib ki, konfransın əsas məqsədi dini məsələlərin mediada hansı prinsiplərlə işıqlandırılmalı olduğunu, bu sahədə məsuliyyət və həssaslıq sərhədlərini peşəkar müzakirə etməkdir.