Modern.az

Mətbuatımızı Ermənistana girov etməyək

Mətbuatımızı Ermənistana girov etməyək

Aktual

6 İyul 2015, 23:41

Doqquz aydır ki, Ermənistan Kəlbəcərdə girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyev kartından istifadə edərək Azərbaycan mətbuatını öz arxasınca aparır.

Mətbuat cəmiyyəti yönəldir, ictimai rəyi formalaşdırır. Bu mənada nəticə etibarilə, udmuruq.

Azərbaycan media nümayəndələrinin Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsinə yer ayırmaması mümkün deyil. Bu da məlumdur.

Mövzu o qədər həssasdır ki, bunu təbii qarşılamaq lazımdır.

 Amma Dilqəm Əsgərəov və Şahbaz Quliyev barədə yazılarda mənbə olaraq Ermənistan mətbuatına istinad etmək Azərbaycan media nümayəndələrinin yumşaq desək, bir yanlışlığıdır.

“Başqa mənbə yoxdur” arqumenti də burada bizə özümüzü günahsız hesab etməməyə əsas vermir.


 İndi də yazırıq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev qondarma məhkəmədən “apellyasiya şikayəti” verib.

 Burada “qondarma”, “tanınmamış”, “heç bir hüquqa söykənməyən”, “beynəlxalq hüquq normalarına zidd” ifadələrini işlədirik.

 Belədirsə, niyə inanmırıq ki, Ermənistan mətbuatının azərbaycanlı girovlarla bağlı bütün yazıları da qondarmadır, Ermənistanın xüsusi xidmət orqanlarının süzgəcindən keçərək ortaya atılır.

Əks arqument irəli sürülə bilər ki, indiki zamanda Azərbaycan mediası bu məsələdə erməni mənbələrinə istinad etməsə belə, azərbaycanlılar internetin verdiyi imkanlarından istifadə edib həmin məlumatlarla tanış olacaqlar.

Və onunla da razıyam ki, mətbuatımız bu məsələdə cəmiyyəti “ac” qoymamalıdır.

Baxın, məhz bu “açlığı” biz doydurmalıyıq. Amma məsələyə sıradan bir hadisə kimi, düşünülməmiş yanaşmamalıyıq... 

Niyə yazmırıq ki, girovlara heç vaxt məhkəməyə müraciət etmək imkanı yaradılmaz. Onlara sərbəstlik verilməz.

Yaradılsaydı, heç Ermənistan Dilqəm Əsgərəov və Şahbaz Quliyev girov götürməzdi.

Girov bütün hüquqları əlindən alınan, heç bir hadisəyə təsir edə bilməyən şəxslərə deyilir.

O da qala Ermənistan kimi bizə qənim kəsilən bir rejim ola... Onsuz da erməni tərəfi girovlarla necə istəyir davranır, necə istəyir məlumat yayır. Bu məslədə “top” onlarıdadır...

Lap nəzəri cəhətdən inanaq ki, gerçəkdən Dilqəm Əsgərov və Şahbaz Quliyevə “apellyasiya” vermək imkanı yaradılıb.

O zaman məntiq onu deyir ki, bu imkanı yaradan, “humanistlik” sərgiləyən tərəf Dilqəm Əsgərov və Şahbaz Quliyevə o şəkildə fiziki işgəncə verməli deyildi.

İşgəncə faktını Dilqəm Əsgərov və Şahbaz Quliyevun fiziki görünüşləri sübut edir, burada nəsə icad etməyə ehtiyac yoxdur.

Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyev kartından yalnız Azərbaycan üçün istifadə etmir.

Daxili auditoriya üçün “Azərbaycana meydan oxuyuruq”, beynəlxalq dünya üçün isə “Qarabağ Respublikasının bütün dövlət təsisatları var” mesajını verir.

Və qorxulusu odur ki, yaxın zamanlarda beynəlxalq təşkilatlar öz bəyanatlarında bu məhkəmə şoularına istinad edələr. 

Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyev şousunun növbəti raundunu Xocalı soyqırımı gününə salıb.

Əmin ola bilərsiniz ki, Novruz bayramı, ermənilərin özlərinə qara gün elan etdikləri 24 apreldə də bu şou davam edəcək. 

Bəli, erməni təbliğat maşını bu məsələnin Azərbaycanın həssas yeri olduğunun fərqindədi.
Ona görə də gündə bir hoqqa çıxararaq prosesi uzadırlar.

 Bəlkə bu məsələdə biz mətbuat nümayəndələri tamam başqa xətt tutaq.

 Ermənistanın xüsusi xidmət orqanlarının məqsədli şəkildə yaydığı xəbərləri “copy – paste” etməyək.

Ermənistana elə bu lazımdı. 

Bir daha xatırladırıq, bununla Ermənistan Qarabağdakı erməniləri önə verir. Bununla Ermənistan Azərbaycan dövlətinə meydan oxuyur. Bununla Ermənistan dünyaya mesajlar verir.

Dilqəm Əsgərov və Şahbaz Quliyev hər birimizin əzizidir. Onları heç zaman unutmamalıyıq. Hər zaman diqqətdə saxlamalıyıq. 

Amma hörmətli medıa nümayəndələri, bəlkə Ermənistanda girov saxlanılan minlərlə girov soydaşlarımızla bağlı da bir araşdırmaya başlayaq.

Onların yaxınları ilə görüşək. Onlarla bağlı yazılar hazırlayaq. Onlarla bağlı xarici mətbuatda çıxış edək. Onlarla bağlı bizi eşitməyən dünyaya müraciət edək. 

Ermənistanda saxlanılan azərbaycanlı girovlarla bağlı xarici medaiada yer almış bir faktı nəzərinizə çatdırım.

Bu gün yüzlərlə azərbaycanlı qadın Ermənistanda girovdur. Buna diqqət edək.
Ermənilər azərbaycanlı girov qadınları hər gün zorlayırlar. Onlar hamilə qalır və dünyaya gətirdikləri uşaqlar Ermənistan tərəfindən satılır.

Ermənistan azərbaycanlı girovlara daha türkürpədici zülmlər edirlər.

Bunu araşdırmaq lazımdır.

 Dilqəm Əsgərovla Şahbaz Quliyev məsələsini şişirtdikcə Ermənistan yeni-yeni oyunlar düşünür.

Heç olmasa mətbuatımızı Ermənistana girov etməyək.

P.S. Yazı AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Milli maraqların və hərbi məlumatların mediada qorunmasına dari təbliğatın aparılması” layihəsi çərçivəsində hazırlanıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı