Modern.az

Zəngəzur dəhlizi Naxçıvanın turizm potensialını artıracaq

Zəngəzur dəhlizi Naxçıvanın turizm potensialını artıracaq

Aktual

Bu gün, 12:30
Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın gələcək inkişafı ilə bağlı bir sıra mühüm məsələləri yenidən gündəmə gətirdi. Dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanda görülən və qarşıdakı dövrdə həyata keçiriləcək işlərdən danışarkən tarixi-mədəni irsin qorunmasına, yeni infrastrukturun yaradılmasına və nəqliyyat imkanlarının genişləndirilməsinə də xüsusi yer ayırdı. Bütün bunlar Naxçıvanın turizm imkanlarının daha geniş şəkildə dəyərləndirilməsi üçün də yeni şərait yaradır. 

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, deputat Göydəniz Qəhrəmanov bildirib ki, Naxçıvanın zəngin tarixi, təbiəti və müalicəvi resursları muxtar respublikanı Azərbaycanın ən perspektivli turizm istiqamətlərindən birinə çevirə bilər.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Naxçıvana son səfəri çərçivəsində turizm infrastrukturunun inkişafına yönələn addımlar da bunun göstəricisidir:

"Naxçıvan çox geniş turizm potensialına malikdir. Qədim tarixi, zəngin mədəni irsi, milli mətbəxi və qonaqpərvər insanları bu bölgəni turistlər üçün cəlbedici məkana çevirir. Cənab Prezidentin Naxçıvana səfəri çərçivəsində yeni beşulduzlu otelin təməlinin qoyulması da göstərir ki, dövlət başçısı turizm sahəsini prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlayır və bu sahənin inkişafına xüsusi önəm verir".

Deputat qeyd edib ki, dövlət dəstəyi turizm infrastrukturunun güclənməsinə, turistlərin rahat və təhlükəsiz şəkildə səfər etməsinə, həmçinin yeni iş yerlərinin açılmasına mühüm töhfə verir:

"Turizm sahəsinə göstərilən diqqət turistlərin daha rahat səfər etməsinə, təhlükəsizliyin təmin olunmasına və yeni məşğulluq imkanlarının yaradılmasına xidmət edir. Bu istiqamət ölkə başçısının daim diqqət mərkəzindədir".

Göydəniz Qəhrəmanov Naxçıvanın sağlamlıq turizm imkanlarını da xüsusi vurğulayıb:

"Naxçıvanın tibbi və müalicəvi turizm sahəsində də böyük potensialı var. Duzdağ mağarası dünyanın müxtəlif ölkələrindən gələn insanların üz tutduğu müalicə mərkəzlərindən biridir. Burada insanlar şəfa tapır. Ümumilikdə isə bölgənin təmiz havası bir çox xəstəliklərin profilaktikası və müalicəsi baxımından əlverişli hesab olunur".

Deputatın fikrincə, Zəngəzur dəhlizinin açılması Naxçıvanın turizm potensialını daha da artıracaq:

"Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra bu istiqamətə gələn turistlərin sayında ciddi artım müşahidə oluna bilər. Bu isə Naxçıvanın regionun aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi üçün böyük imkanlar yaradacaq".

Sizə yeni x var
Keçid et
Prezidentdən Naxçıvanda diqqətçəkən sözlər - Şuşa azad olunanda Putin...