Modern.az

Naxçıvanın tarixi irsi dünyaya daha geniş tanıdılacaq - DEPUTAT

Naxçıvanın tarixi irsi dünyaya daha geniş tanıdılacaq - DEPUTAT

Aktual

Bu gün, 17:09

Prezident İlham Əliyevin Naxçıvana səfərinin əsas istiqamətlərindən biri muxtar respublikanın tarixi-mədəni irsinin qorunması ilə bağlı olub. Dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın qədim tarixə, zəngin mədəniyyətə və memarlıq irsinə malik olduğunu, vaxtilə Atabəylər dövlətinin paytaxtı olmuş bu diyarda dünya əhəmiyyətli abidələrin yerləşdiyini bildirib. Səfər çərçivəsində Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görüləcək işlər təqdim olunub. Bununla yanaşı, Naxçıvandakı digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası da nəzərdə tutulur.

Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova qeyd edib ki, Naxçıvanın tarixi-mədəni irsi Azərbaycanın milli yaddaşının ən qiymətli qatlarından biridir.

"Prezident İlham Əliyevin son səfəri zamanı Möminə xatun məqbərəsində aparılacaq bərpa işlərinə və digər tarixi abidələrin qorunmasına diqqət yetirilməsi göstərir ki, muxtar respublikanın inkişafında mədəni irsin mühafizəsi də mühüm dövlət prioritetidir. Bu, yalnız qədim abidələrin fiziki olaraq qorunması deyil, əsrlərin yaratdığı tarixi yaddaşın gələcək nəsillərə ötürülməsidir".

Deputat bildirib ki, Möminə xatun məqbərəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır:

"XII əsrdə Əcəmi Naxçıvani tərəfindən inşa edilən bu möhtəşəm memarlıq nümunəsi Azərbaycan memarlıq məktəbinin dünya mədəniyyətinə verdiyi mühüm töhfələrdəndir. Onun bərpası və digər abidələrin konservasiyası Naxçıvanın zəngin memarlıq irsinin daha sistemli şəkildə qorunmasına, eyni zamanda beynəlxalq səviyyədə tanıdılmasına imkan verəcək".

E.Akimova saytımıza açıqlamasında eyni zamanda Naxçıvanın üstünlüyünə də diqqət çəkib:

"Naxçıvanın əsas üstünlüyü ondadır ki, burada müxtəlif dövrləri əhatə edən bütöv bir tarixi-mədəni xəzinə mövcuddur. Möminə xatun məqbərəsi, Əlincəqala, qədim yaşayış məskənləri və digər memarlıq nümunələri vahid mədəni-turizm marşrutunun formalaşdırılması üçün böyük imkan yaradır. Bu irsin bərpası, müasir təqdimat vasitələri ilə tanıdılması və turizm infrastrukturunun inkişafı Naxçıvanı Azərbaycanın əsas mədəniyyət və turizm mərkəzlərindən birinə çevirə bilər".

Deputatın sözlərinə görə, burada iqtisadi amil də diqqətdən kənarda qalmamalıdır:

"Mədəni turizmin inkişafı mehmanxana, nəqliyyat, xidmət və ictimai iaşə sahələrində yeni imkanlar yaradacaq, yerli məşğulluğa töhfə verəcək. Daha vacibi isə Naxçıvanın tarixi irsi Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği üçün güclü platformaya çevriləcək.

Naxçıvanın görkəmli şəxsiyyətlərinin irsinin dünyaya təqdim olunması da bu istiqamətdə mühüm rol oynaya bilər. Əcəmi Naxçıvani və digər elm, ədəbiyyat və mədəniyyət xadimlərinin irsinin beynəlxalq konfranslar, sərgilər, sənədli filmlər və rəqəmsal layihələr vasitəsilə tanıdılması Naxçıvanın beynəlxalq mədəni xəritədə görünürlüğünü daha da artırar. Tarixi yalnız qorumaq kifayət deyil, onu müasir dünyanın anlayacağı formada təqdim etmək də lazımdır".

E.Akimova onu da əlavə edib ki, bu baxımdan tarixi abidələrin rəqəmsallaşdırılması, 3D modellərinin hazırlanması, virtual muzeylərin yaradılması və çoxdilli elektron məlumat bazalarının formalaşdırılması xüsusilə əhəmiyyətlidir:

"Belə layihələr Naxçıvanın mədəni irsini coğrafi sərhədlərdən çıxararaq dünyanın müxtəlif ölkələrindəki auditoriyaya çatdırmağa imkan verər.

Prezident İlham Əliyevin bu məsələyə diqqəti daha geniş dövlətçilik yanaşmasının göstəricisidir. Çünki tarixini qoruyan dövlət yalnız keçmişinə sahib çıxmır, gələcəyinin mənəvi dayaqlarını da möhkəmləndirir. Naxçıvanın qədimliyi onun yalnız keçmişi deyil, düzgün qorunub təqdim edildiyi halda gələcək inkişafının da mühüm resursudur.

Bu gün əsas məqsəd Naxçıvanı sadəcə tarixi abidələrin yerləşdiyi məkan kimi deyil, Azərbaycanın tarix, memarlıq, mədəniyyət və turizm xəritəsinin aparıcı mərkəzlərindən biri kimi formalaşdırmaqdır. Möminə xatun məqbərəsinin bərpası və digər abidələrin qorunması bu böyük yolun mühüm mərhələsidir", - deyə deputat fikrini tamamlayıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...