Vladimir Vladimiroviç Putin 24 apreldə İrəvana gedəcəyini açıqladı və həmin gün könüllü surətdə Sərdarabaddakı “Erməni soyqırımı” abidəsi önündə əyiləcək. Kefi belə istədi. Kimlər təəccüblənsə də, mən buna təəccüblənmədim. Bunun birinci səbəbi odur ki, Rusiya qondarma “soyqırımı” tanıyan ölkələrdən biridir. Rusiya 1965-də “erməni soyqırımı” abidəsinin qoyulmasına izin verən və ermənilərə Türkləri və Türkiyəni söyməyə təhrik edən SSRİ-nin varisidir. İkincisi, bu gün Ermənistan Rusiyanın strateji ortağıdır, orada hərbi bazası var. Ermənistan bu ölkənin bir vilayəti halına gəlmişdir. Ermənistan tam boşalsa , orada bir insan qalmasa belə Rusiya bu strateji məntəqədən çəkilməyəcək. Üçüncüsü isə Rusiya Gümrüdəki hərbi hissədən olan əsgər Permyakovun bir ailədən olan 8 nəfəri güllələməsindən sonra Rusiya ilə Ermənistan arasında yaranan bəzi “anlaşılmazlıqlara” son qoymaq istəyir və bunu həmin qətldən sonra bir jest də hesab etmək olar. Digər səbəbləri də var ... Yəni Putinin Türkiyəyə deyil, Ermənistana getməsində təəccüblü bir şey yoxdur . Və bunun əksini düşünənlər nə erməniləri, nə də rusları yaxşı tanımırlar. Və bəzən bu adamlar sadəlöhvcəsinə Qarabağ məsələsində Rusiyanın ədalətli mövqe sərgiləyəciyinə inanırlar. Rusyadan daha öncə Fransa prezidenti Olland bu tədbirə “öz zərbəsini” vurmuşdu. Demişdi ki, onun seçimi əlbəttə İrəvandan yanadır. İndi də Putin! Bəlkə başqa cür gözləyənlər vardı. Amma mən gözləmirdim və Türkiyədəki çoxsaylı konfransların hamısında söyləmişdim ki, bu ölkələr son nəticədə Ermənistanın yanında olacaqlar.
Qaldı Obama . Ermənilər neçə illərdir ki, ABŞ prezidentinə “soyqırım olmuşdur” dedizdirə bilmirlər, ən son “böyük fəlakət” demişdi, elə bu ifadə də həmin şey olsa da yenə ermənilər razı qalmayıblar. Əgər Obama da 24 apreldə Putin kimi İrəvana getməyi qərara alsa o zaman bu kəlməni dilinə gətirəcəyindən əmin olun. Amerikanın hansı mövqe sərgiləcəyindən asılı olaraq ermənilər çoxdan bəri planladıqları “gövdə göstərisi” təhdid və qınamalarla, “erməni soyqırımı”nı tanıyın !- nidaları ilə davam edəcək və bu yalanı tanıyanların sayı ola bilsin ki, bir az da artsın. Amma əsas məsələ “soyqırımı” e Türkiyənin tanıması və onun məhkum edilməsidir. Bu isə hələlik mümkün deyiıl və heç zaman olamayacaq. O halda Putinə, Ollanda, və Obamaya nə düşüb ki, erməninin bu oyununda baş rolda olmaq istəyir? Sizə elə gəlməsin ki, onlar “erməni soyqırımı” deyilən yalana inanırlar. Qətiyyən elə deyil. Amma Ermənistan onlar üçün Türkiyə və Azərbaycandan daha önəmlidir. Onlar Erminıstanı yedirməzlər. Bunu hər zaman , hər bir Türk bilməlidir. Məsələ ondadır ki, bu dövlətlərin heç biri Güclü Türkiyə istəmir və ermənilərin əli ilə basqılarını artırırlar. Özü də yalnız ermənilərin əli ilə deyil... Bunlar ayrı mövzulardır.

Gələk Azərbaycanla Türkiyənin ortaqlaşa gəldikləri qərara-24 apreldə Çanakkale zəfərinin 100-cü ilini qeyd etmək qərarına. Çox gözəl addım idi. Amma...
Bizimkilər belə ciddi məsələdə tədbirlərini və siyasətlərini realitələrə uyğun qurmalı idilər. Mən Çanakkale zəfərinin 100-cü ilinin məhz 24 aprelə salınmasını alqışlayanlardan biri olmuşam və bilirdim ki, erməniləri bütün dünyanı İrəvana tökmək fikrinə qarşı ən yaxşı alternativ məhz bu idi. Amma ona daha öncələrdən hazırlaşmaq lazım idi ki, altından su çıxmasın. Ermənilər 100-cü ilə az qala 100 ildir ki, hazırlaşırdılar və son 5 ildə nələr etdiklərinin bir çoxu hər kəsə məlumdur. 2012- də isə bu erməni yalanının 100-cü ilinə hazırlıq üzrə Dövlət Koordinasyon Komissiyası qurmuşdular. Bu komissiyanın nə işlər gördüklərini və ona qarşı bir önləm alınması fəaliyyəti ilə bağlı mən mətbuatda heç bir şeyə rast gəlmədim. Bu Komissiya əlbəttə öncədən dövlət başçılarının nə qərar qəbul edəcəklərini bilir və onlarda İrəvana gəlmə sözü almışdılar. Bunları isə biz bilmirdik. Erməni lider Sarkisyan Çanakkale zəfərinin 100-cü ilinin 24 apreldə keçirilməsi məsələsinə reaksiyasından sonra dünyada bir anti-Çanakkale kampanyası başlatdı. Ayrı-ayrı dövlətlər və bu işə cəlb edildilər, erməni lobbisi işini yoğunlaşdırdı və b. Bu da nəticə . Dünən Türkiyəyə gəlib ona əl uzadan Rusiya prinsipial məsələdə öz əlaltısının yanında yer aldı. Rusiyanın ardınca daha kimlərinin İrəvana getmək qərarını verəcəyi artıq sürpriz olmayacaq . “24 aprel yarışı” davam edir
Ankara , 13.03.2015