Aprelin 22-də hər iki valideyni ermənilər tərəfindən öldürülmüş 25 Xocalı sakini İstanbula çağırılıb.
Bu barədə məlumatı Modern.az-a Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı verib. O qeyd edib ki, bir neçə gün öncə İstanbul Ticarət Odasından ona telefon açaraq, müəllifi olduğu “Böyüməyən uşaqlar” kitabı və eyni adlı film ilə tanış olduqlarını bildiriblər. Eyni zamanda kitabda adı çəkilən Xocalı sakinlərini aprel ayında İstanbula dəvət ediblər.“Ticarət Odasından bildirdilər ki, aprelin 23-də Türkiyədə Beynəlxalq Uşaq Günü qeyd ediləcək. Həmin gün Xocalıda hər iki valideyninin itirmiş 25 nəfərin də iştirakı nəzərdə tutulub. Eyni zamanda həmin 25 uşağın (indi onların ən kiçiyinin 23 yaşı var-red) bütün Türkiyə televiziyalarına canlı bağlantısı olacaq və onlar bunun vasitəsilə öz haqq səslərini dünyaya çatdıracaqlar”.
Daha sonra Xocalı sakinlərinin aprelin 24-də Çanakkalada keçiriləcək tədbirlərdə də işitirak edəcəkləri gözlənilir.
Qeyd edək ki, bu tədbirlərə hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilmiş 25 Xocalı sakini ilə yanaşı, azərbaycanlı millət vəkilləri və ictimai fəal şəxslər, həmçinin “25” lərlə bağlı mətbuatda mütamadi çıxış edən jurnalistlər də qatılacaqlar.
Pərvin ARZUQIZI