
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyindəki nitqində bəzi xarici qüvvələrin Avropa Oyunlarından bir bəhanə kimi istifadə etdiklərini, sanki bunu ölkəmizə çox gördüklərini bildirib.
Modern.az-ın məlumatına görə prezident bu barədə qeyd edib: “Baxmayaraq ki, biz öz üzərimizə böyük məsuliyyət götürmüşük. Yəni, bu Oyunları iki il yarım ərzində hazırlamaq çox çətin məsələdir. Bu Oyunlar Olimpiya Oyunlarının səviyyəsində keçiriləcək. Olimpiya Oyunlarını keçirmək üçün yeddi il vaxt verilir. Biz isə cəmi iki il yarıma bunu edirik və ən aşağı büdcə ilə bunu edirik”.
Azərbaycan Prezidenti deyib:
“Dünən Avropanın mərkəzində nümayişçilərin etirazına səbəb bir binanın inşası olmuşdur. Bizim bütün Avropa Oyunlarına hazırlıq işlərinə xərclədiyimiz vəsait bir binaya xərclənib. Bəs haradadır “Transparency International”? Niyə bu işlərdə öz sözünü demir? Avropada nəqliyyatla bağlı bir infrastruktur obyekti var. On ildir inşa edilir. Bizim Avropa Oyunlarının hazırlanmasına xərclədiyimizin ikiqatı qədər oraya pul xərclənib, hələ ki, tikintisi qurtarmayıb. Bəs niyə bu barədə danışmırlar? Niyə bu barədə yazmırlar? Bu, ritorik suallardır. Ancaq biz bu sualları verməliyik və veririk. Çünki biz ədalətin tərəfdarıyıq. Hər yerdə ədalət olmalıdır - cəmiyyətdə, ailədə, beynəlxalq münasibətlərdə.
Ədalət pozulduqda hər şey pozulur, inam pozulur. Sanki dünyada yeni bir dəyərlər sistemi formalaşır. Ədalət əvəzinə qeyri-ədalətli yanaşma, bərabərlik əvəzinə qeyri-bərabərlik, düzgünlük əvəzinə riyakarlıq, yalan. Bax, biz buna qarşı mübarizə aparırıq. Əlbəttə, Azərbaycan böyük dövlət deyil, amma bizim də kifayət qədər gücümüz var ki, öz sözümüzü deyək, bölgədə və qitədə gedən proseslərə təsir edək.
Bu gün biz görürük ki, dırnaqarası ekspertlər, politoloqlar, keçmiş dövlət xadimləri, mətbuat orqanları sanki Azərbaycana qarşı soyuq müharibə elan etmişlər. Bütün bu səylərin heç bir nəticəsi yoxdur, ola da bilməz. Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə təsir edə bilsin.
Azərbaycanda hər kəs azaddır. Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur, azad internet var. Sərbəst toplaşmaq azadlığı təmin edilib. Vicdan, din azadlığı bəzi ölkələrdən fərqli olaraq tam şəkildə təmin edilibdir. Ancaq bizi ittiham etmək istəyən dairələrin öz ölkələrindəki vəziyyətə baxın. Bax elə dünən Avropanın mərkəzində yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilibdir. Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır?
Yoxsa ki, bu, ikili standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar yaymırlar, vermirlər? Nə üçün qətnamələr qəbul edilmir? Bax bu suallara cavab almaq çox çətindir. Mən həm xarici həmkarlarımla, həm beynəlxalq təşkilatların rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu sualları açıq şəkildə onların üzünə deyərək verirəm. Bəlkə buna görə də Azərbaycana qarşı təzyiqlər daha da kəskinləşir. Əfsuslar olsun ki, bu gün dünya siyasətində beynəlxalq hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik, islamofobiya, ksenofobiya hökm sürür. Budur bugünkü reallıqlar. Ona görə, biz buna hazır olmalıyıq və biz hazırıq”.
Modern.az