
Türkiyədə yeni siyasi gərginlik gündəm yaradıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankara Böyük Şəhər bələdiyyə başqanı Melih Gökçek baş nazirin müavini Bülənt Arınçı istefaya çağırıb.
Hakim Ədalət və İnkişaf Partiyasının bələdiyyə sədri olan nümayəndəsi Melih Gökçek Bülənt Arınçın prezident Rəcəb Tayyib Ərdoğanın kürd probleminin həlli ilə bağlı siyasətini tənqid etməsini kəskin şəkildə pisləyib.
O, Bülənt Arınçı Fətulla Gülən şəbəkəsinə məxsus olan paralel hökumətin təlimatı ilə hərəkət etməkdə ittiham edib.
“AKP-də fitnə salmaq istəyənlər var. Paralel yapı içərisində AKP-yə son aylarda böyük zərbə vuracaqları və AKP-nin bunun altından qalxa bilmənin mümkünsüzlüyünə dair söz-söhbətlər var idi. Həmişə düşünmüşəm ki, görəsən bizi haradan vuracaqlar? Etiraf edim ki, belə bir zərbə gözləmirdim. Bizi içimizdən vurmaq istədilər və bu zərbəni Bülənt Arınç vasitəsi ilə reallaşdırdılar”,-deyə o söyləyib.
Melih Gökçek onu da əlavə edib ki, Bülənt Arınçın qızı və kürəkəni Əkrəm Yeter fanatik paralelçilərdir. Ankara Böyük Şəhər Bələdiyyə başqanının fikrincə, Bülənt Arınçın artıq bundan sonra AKP-nin sözçüsü ola bilməz və o dərhal vəzifəsindən istefaya getməlidir.
Baş nazirin müavini Bülənt Arınçın da Melih Gökçekin ittihamlarına reaksiyası gecikməyib.
Hökumət rəsmisi Melih Gökçekin açıqlamasını tərbiyəsiz çıxış adlandıraraq əlavə edib: “O, mənim vəzifədən ayrılmağımı istəyəcək qədər heysiyyətli bir insan deyil...
Melih Gökçek oğlunun millət vəkilliyinə namizədliyini sığortalamaq istəyir. Melih Gökçek səs almaq üçün paralel yapının qucağında oturmuşdu və buna görə Ankaranı satdı”.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanın İzləmə Komitəsinin İmralıya getməsindən xəbərsiz olmasını deməsi Bülənt Arınçın etirazına səbəb olmuşdu. Bülənt Arınç Ərdoğana mütəmadi olaraq siyasi proseslərlə bağlı məlumatlar verildiyini və prezidentin hər şeydən xəbəri olduğunu qeyd etmişdi.
Aqşin Kərimov