Dünən Xankəndində ermənilərin keçirdiyi “hərbi paraddan” məlumat və fotolar yayılıb.
Bu, Azərbaycanda hiddətlə qarşılanıb. Bununla bağlı Modern.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyi Mətbuat Xidmətindən bildiriblər ki, yerli elektron kütləvi informasiya vasitələrində düşmən mətbuatına istinadən Xankəndində ermənilərin keçirdiyi “hərbi paraddan” məlumat və fotolar yayılıb.“Bu cür yazı və fotolar erməni mətbuatının Azərbaycana qarşı yalanla zəngin və daim qatı düşmənçilik mövqeyində olan təbliğat işinin nəticəsidir.
Bildiririk ki, cinayətkar erməni rejimi sistematik olaraq belə ucuz teatrlaşdırılmış şoular nümayiş etdirməklə son dövrlər uğursuz kəşfiyyat-diversiya cəhdləri zamanı silah-sursatı atıb qaçmaqla canını qurtaran əsgərlərinin məhv edilmiş ruhunu bərpa etmək, cəbhədə verdikləri xeyli sayda (rəsmi məlumatlara görə isə 60-dan çox) hərbçi itkisini gizlətmək və öz xalqının diqqətini yayındırmaq məqsədini güdür.
Kütləvi informasiya vasitələrinə bir daha erməni təbliğatına uymamağı və düşmənin verdiyi xəbərlərin yayılmasına şərait yaradılmamasını tövsiyə edirik”.
Modern.az