
Mayın 29-da İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov, Arzu Məmmədovla görüşüb.
Məlumatı Modern.az saytına hüquq müdafiəçisi verib.
O bildirib ki, görüşə müavini Elçin Şirinovla birgə gedib: “Hər üç şəxs eyni iş üzrə təqsirləndirilir və dövlət tərəfindən vəkillə təmin olunublar. Saxlanma şəraitindən heç birinin şikayəti olmadı. Mənə bildirdilər ki, təcridxanada onlarla yaxşı rəftar edirlər, hətta boş vaxtlarında mütaliə üçün kitab da verirlər. Gündə üç dəfə yemək verilir, havaya çıxardırlar. Sağlamlıqlarında ciddi problemləri yoxdur. Hər üç şəxs həkim nəzarəti altındadır. İstintaqın gedişindən narazı deyillər.
Onlara bildirdim ki, əgər günahınız yoxdursa, azad olunacaqsınız. Yox, günahınız varsa, ədalət məhkəməsi qarşısında dayanıb etdiyiniz əmələ görə cavab verməli olacaqsınız”.
Elçin Behbudov onu da əlavə edib ki, bəzi mətbuat orqanlarında Rəşad Məmmədovun ermənilərə qohumluğu çatması, konkret olaraq anasının milliyətcə erməni olduğu barədə məlumatlar yazılır: “Mən bu barədə Rəşad Məmmədova sual verdim. O dedi ki, bu, ağ yalandır”.
Bakı şəhər sakinləri Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov, Arzu Məmmədov Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq) maddəsi ilə MTN tərəfindən həbs olunub. Rəşad Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad olunub. Səbayel Rayon Məhkəməsinin qərarı ilə hər üç şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Yeganə OQTAYQIZI