Modern.az

Soyğunçulara, talançılara qarşı mübarizə xalqın ürəyincədir

Soyğunçulara, talançılara qarşı mübarizə xalqın ürəyincədir

Aktual

29 May 2015, 23:18

Turizm və təhsilin inkişafına dəstək Qeyri-Hökumət Təşkilatının (QHT) sədri

 

Bu, ölkəmizə turist axınını sürətləndirəcək

“Qırmızı körpü” deyilən sərhəd postu əməkdaşının sualı məni ciddi düşündürdü. Sual belə idi:

- Ağsaqqal, bəlkə siz izah edəsiniz, hər şənbə, bazar günləri, xüsusən bayram günləri elə bil bütün Azərbaycan Gürcüstana axışır. Xeyir ola?

Sonradan öyrəndim ki, sərhəd mühafizəçisi sualı bədahətən verməyib. Həqiqətən istirahət günləri qonşu ölkəyə axın başlayır. Deyim ki, Tbilisi dünyada yeganə gözəl şəhərdir, bu inandırıcı deyil, Bakıya çatan şəhər olmaz. Belə deyək ki, gürcülər çox qonaqpərvərdirlər – bu da düzgün deyil. Azərbaycanlıların qonaqpərvərliyindən hər yerdə ağızdolusu danışılır. Hələ Stalin dövründən gürcülərdə bir eqoistlik qalıb. Belə müqaisələr çoxdur. Amma bu o demək deyil ki, Tbilisi gözəl şəhər deyil, təbii füsunkarlığı Bakıdan fərqlidir, adamları səmimi deyil. Əsla!

Bəs onda nədir bu axının səbəbi? Niyə Azərbaycana mütəmadi turist axını yoxdur?

Mən qonşu ölkəyə səfərim zamanı belə qənaətə gəldim ki, indiki şəraitdə oradakı ucuzluq – həm ticarətdə, xüsusən qida qiymətində, həm iaşə, nəqliyyat xidmətində. Təsəvvür edin ki, Tbilisinin mərkəzindəki restoranlardan birində günorta yeməyinə getdik. Beş nəfər idik. Çox dəbdəbəli stol açdırmadıq. Əvvəlcə qəlyanaltı (pendirlər, kolbasalar, göyərti, salatlar və s.) gətirdilər. Rusların birinci xörək dedikləri duru yemək verdilər. Daha sonra Qafqaz ənənəsi üzrə kabablar. Stolumuzun üstündə xeyli mineral su, limonad da qoyulmuşdu. Axırda dondurmanın da dadına baxdıq. Pulu ödəmək istəyəndə ofisiant hesabı yazıb gətirdi: cəmi 32 dollar. Əvvəl inanmadım, təzədən hesablatdım – ikinci dəfə də eyni rəqəm. Ofisianta əlavə dollar da təklif etdik. Qətiyyən yaxın durmadı.

Onu da deyim ki, Bakıda hər hansı bir ortabab iaşə ocağında belə süfrə açdırsaydıq, xərcimiz ən azı adambaşına 35-40 manata başa gələcəkdi. Mehmanxana qiymətləri arasındakı fərq də adamı heyrətə gətirir. Həmyerlilərimiz deyirlər ki, AZAL təyyarə biletlərinin qiymətini at belinə qaldırıb. Ona görə də Türkiyəyə getmək istəyənlər Tbilisi - İstanbul, Tbilisi – Antalya reyslərinə Bakı – İstanbul, Bakı – Antalya reysləri ilə müqayisədə çox ucuz məbləğə bilet alırlar. Antalyadakı istirahət güşələrinə putyovkaların qiyməti də bizdəkindən təxminən iki-üç dəfə ucuzdur.

Yol hərəkəti qaydalarının pozuntusuna görə cərimələr də çox cüzidir. Avtomobil inspektorları rüşvət nədir bilmirlər. O ki qaldı ərzaq məhsullarının qiymətinə, bunu bilmək üçün Bakıdakı “Yaşıl bazar”a getmək kifayətdir. Burada qonşu ölkədə istehsal olunan kolbasalar, pendirlər, sosislər, limonadlar, mineral sular, daha nələr, nələr ... hətta quru lobya, sucuğa qədər. Mən hələ balıq, toyuq ətini, mövsümü meyvələri demirəm.

Bu nə deməkdir? Məgər Gürcüstanın iqtisadiyyatı o qədər güclüdür ki, orada ucuzluq bizdə bahaçılıqdır? Buna səbəb nədir?

Son ayların təhlili göstərir ki, ölkə başçısı İlham Əliyevin sözləri ilə desək, bəzi oliqarxların sərvətimizi talan etməsi, harınlamış insanların dövlət vəsaitini oğurlamasıdır.

İndi məlum olur ki, onlar xalqın malını talamaqla iqtisadiyyatımızı çökdürürlər.

Sevindirici haldır ki, iqtidar bu sahədə mübarizəyə rəvac verib, xalqın ürəyincə olan siyasəti daha qətiyyətlə həyata keçirməyə başlayıb. Uğur olsun! Biz haqqın-ədalətin bərqərar olunacağına inanırıq!

Digər tərəfdən isə turizmin inkişafına “yaşıl işıq” yanacaq. Bu zamanın tələbidir. Dövlət vəsaitini talayanlarla qətiyyətli mübarizə ilə yanaşı AZAL da uçuş qiymətlərini nizamlamalıdır. Gələn qonaqlara hər sahədə - istər nəqliyyat, istər iaşə, istərsə də kommunal sahədə xidmətlər yüksək səviyyədə qurulmalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı