
Havalar isinəndən sonra ilan sancmaları ilə bağlı bir neçə hadisə baş verib. Buna təkcə bölgələrdə deyil, Bakıda da rast gəlmək mümkündür. Bir neçə gün öncə Səbail rayon sakinləri qarşılaşdıqları ilanlarla bağlı narahatlıqlarını da dilə gətiriblər. Sakinlər ərazidə bir həftə ərzində yeddi ilan öldürdüklərini, yaşayış məskənində ilanların peyda olma səbəbindən xəbərsiz, müşahidə edilən vəziyyətdən isə ciddi narahat olduqlarını vurğulayıblar.
Zootoksinlər İstehsal-Elmi Araşdırma Mərkəzinin direktoru, Zoologiya İnstitutunda aparıcı elmi işçisi, biologiya elmləri namizədi, Təvəkkül İsgəndərov Modern.az saytına havalar isinəndən sonra ilanların aktivliyinin normal olduğunu deyib: “İlanlar isti vaxtlarda, xüsusilə də may, iyun ayının ortalarına qədər fəal olur, gündüz aktivlikləri daha çox müşahidə edilir. Onların yayıldığı ərazilərdə tez-tez görünməsi təbiidir”.Mütəxəssis şəhər landşaftı olan Səbail ərazisində ilanların müşahidə edilməsinin mümkünlüyünü belə izah edib:
“Bayıl qəsəbəsinin insan olmayan yerlərində, dağlıq-qayalıq yamaclarında ilanlara rast gəlinir. Çünki həmin yerlərdə onların yaşaması üçün şərait var. Əgər ərazidə çoxlu quşlar, gəmiricilər, kərtənkələlər, daş qalaqları, kol-kos varsa, əlbəttə, orada ilanlar olacaq.
Ümumiyyətlə, şəhər landşaftında hər tərəfdə binalar, avtomobillər, insanlar olduğundan ilanlar yaşamır. Nəzərə almaq lazımdır ki, şəhərdə qazonlardan savayı ot örtüyü də yoxdur. Əgər sözügedən ərazidə sadaladığım meyarlar yoxdursa, ilanların ora gəlməsi təsadüf nəticəsində baş verib”. Təvəkkül İsgəndərov deyib ki, ilanların həmin əraziyə gəlməsi müxtəlif daşımalar zamanı baş verə bilər: “İlanlar həmin əraziyə yük daşımaları zamanı tikinti sahələrindən, şəhərdən kənarda saxlanılan açıq konteynerlərdən, daş karxanalarından daşınan qumun, daşın içərisində gələ bilər. Yalnız yüklərlə bərabər şəhərə gəlməsi mümkündür”.
İlandan necə qorunmalı?
Ekspert deyir ki, əgər ilan təhlükəsindən qorunmaq istəyirsinizsə, ilk növbədə yaşayış yerinin səliqə-sahmanlı olmasına diqqət edin: “Çalışın ki, ilan üçün əlverişli şərait olmasın. Yəni ərazidə ilanın qidalandığı siçan, siçovul, müxtəlif gəmiricilər, onun gizlənə biləcəyi kol-kos bitməsin, daş-kəsək olmasın”.
El arasında “İlanın zəhləsi yarpızdan gedər” məsəli mövcuddur. Alim bunun əsaslı olduğunu deyib: “İlan oriyentasiyasını qoxu ilə edir. Yəni qida, gizlənmə yeri, bir-birilərini tapmaqda iybilmə qabiliyyətləri onların köməyinə çatır.
Olduğunuz yerin abadlaşdırılması, ilanlar üçün gizlənmə yeri qoymamaq, ondan qorunmaq üçün ən yaxşı vasitədir. Bu o deməkdir ki, siz ilanı həmin yerə “zəncirləsəniz” də orada qalmayacaq.
İlanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün şərait olmamalıdır. Əgər yaşadığınız yerdə ilanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün yer, qurğu varsa, ora ən kəskin iyli maye, yuyucu vasitə, kükürd, kerosin, mazut, kül tökə, yaxud da yarpız, sarımsaq kimi bitkiləri qoymaqla ilandan qoruna bilərsiniz”.
Gülşən RAUFQIZI