Modern.az

Azərbaycanın siyasi partiyaları Türkiyədəki seçkiyə qiymət verdilər - “Avtoratizmin qarşısı alındı”

Azərbaycanın siyasi partiyaları Türkiyədəki seçkiyə qiymət verdilər - “Avtoratizmin qarşısı alındı”

Aktual

8 İyun 2015, 14:12

İyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası qələbə qazansa da, təkbaşına iqtidar formalaşdırmaq üçün tələb olunan səsi toplaya bilməyib.

Ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) səsvermənin nəticələrinə görə ikinci , Milliyyətçi Hərəkat Partiyası (MHP) və PKK-nın siyasi qanadı Xalqların Demokratik Partiyası (HDP) eyni qədər mandat qazanaraq üçüncü və dördüncü yerdə qərarlaşıblar.

AKP yetərli səs yığa bilmədiyinə görə, Türkiyədə koalisiya hökumətinin qurulması gündəmə gəlib.

Modern.az saytı bir sıra partiyaların seçkinin nəticələri ilə bağlı rəylərini öyrənib.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa:

“Seçkinin nəticələrinin bu cür olacağı gözlənilən idi. Proqnozlaşdırıldığı kimi, AKP-nin tək partiyalı iqtidarını xalq dəstəkləmədi. Hətta hakimiyyət resursları da daxil olmaqla 50 faizlik nəticəyə çata bilmədilər. Bunun əsas səbəbi AKP-də nəsil dəyişmə prosesinin baş verməsidir. Bu yeniləşmə cəmiyyətdə çox da ciddi qəbul olunmadı. AKP-nin tanınan müəyyən simaları seçkidən kənarda qaldı. Onların səs gətirmə potensialı nəzərə alınmadı.
Davudoğlunun obrazında müstəqil siyasətçi bir obrazı yaranmasına prezident imkan vermədi. Açıq-aşkar partiyanı yenidən özünün idarə edəcəyi bir görüntüsü yaratdı. Bu Türkiyə cəmiyyətində yaxşı qəbul olunmur. Müstəqil olmayan adamın liderliyinə çox da önəm və dəstək vermirlər. Bu da təsiredici amilə çevrildi.
Ümumiyyətlə, cəmiyyət AKP ilə müəyyən dərəcədə dedi-qodulardan və digər iddialardan bir az təlaşa düşdü. Çünki daxili gərginliyin çox uzun müddət AKP, xüsusilə də prezident tərəfindən saxlanması fikri cəmiyyətdə xoş qarşılanmadı. Nəticədə AKP səslərini itirdi. CHP də istədiyi qədər səs toplaya bilmədi. Amma ana müxalifət mövqeyini saxladı. MHP isə nisbətən aşağı faizlərlə səs aldı. AKP və CHP-yə gedən kürd səsləri HDP-yə yönəldi. Bu da kürdlərin sistemli çalışdığının bir göstəricisi idi. Nəticədə Türkiyə çətin bir sınaqla üz-üzə qalıb. Çünki koalisiya və azlıq hökuməti yaratmaq çətindir. Yeni seçkiyə getmək ehtimalı da mövcuddur. Yəqin ki, partiyaların özləri oturub düşünəcəklər. Çünki uzun müddət müxalifətdə qalmaq da MHP-yə sərf eləmir, ən azından AKP ilə koalisiya qurmaq imkanı var. CHP-nin də eyni imkanı var. Çox güman ki, erkən seçki Türkiyə üçün zərərli olardı. Seçkiyə getmək həm pul məsrəfidir, həm də vaxt itkisidir.
CHP və MHP koalisiyadan imtina eləsə, bu prezidentin xeyrinə olacaq. Çünki hakimiyyət boşluğunda daha çox legitim institut olaraq prezidentlik önə çıxacaq. Bu da Türkiyənin gələcəkdə başqanlıq sisteminin olması ehtimalını xeyli azaldır. Ərdoğanın ən çox arzuladığı bu idi, amma baş tutmadı”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı:

“Bu seçki demokratik və türk xalqının iradəsini əks etdirdi. Seçkinin nəticələri artıq Türkiyədə son zamanlar güclənməkdə olan avtotarizm meylərinin qarşısını ciddi şəkildə alacaq. Yəni AKP-nin artıq təkbaşına tək partiyalı iqtidar olmaq imkanı aradan qalxır və koalision hökumət formalaşacaq. Bu da artıq avtotarizmin qarşısını almaq üçün ən zəruri şərtlərdən biridir.
Eyni zamanda, Türkiyədə demokratik proseslərin önü daha çox açıldı və demokratik mexanizmlərin təkmilləşməsi, daha funksional olma imkanları genişləndi. Bu seçkilər həm də türk xalqının bu günə kimi aparılan siyasətə olan münasibətini ifadə etdi. Bu baxımdan hesab edirəm ki, seçkinin nəticələri Türkiyə cəmiyyəti üçün, həm də ətraf bölgələr üçün kifayət qədər uğurlu oldu. Çünki Türkiyənin demokratik olması, demokratik dəyərlərin siyasi sistemdə möhkəmlənməsi, həm türk cəmiyyətinin maraqlarına uyğundur, həm də Türkiyənin təsir imkanı olan ətraf bölgələrin maraqlarına və inkişaf perspektivlərinə müsbət təsir göstərir. Bu baxımdan, hesab edirəm ki, seçkinin nəticələri kifayət qədər uğurlu hesab oluna bilər”.

Müsavat Partiyasının başqan müavini Elman Fəttah:

“Seçkinin nəticələri müəyyən qədər avtotarizmə doğru meyllənən Türkiyəni yenə də demokratik mühitə möhkəm şəkildə qaytardı. Nəticələr Türkiyə üçün koalisiya hökuməti vəd eləyir. AKP tək başına hökumət olma imkanlarını itirib. Bu o deməkdir ki, yenidən Türkiyədə uzlaşma demokratiyası siyasətin hakiminə çevriləcək.
Yenidən seçki keçirilməsi nəzəri cəhətdən mümkündür. Amma Türkiyə Konstitusiyasına və seçki proseduraları ənənəsi elədir ki, hökumət qurmaq birinci yeri tutan AKP-yə həvalə olunacaq. Əgər hökumət qura bilməsə, növbə ilə 2-ci , 3-cü və ya 4-cü partiyaya həvalə olunacaq. 45 gün ərzində hökumət qurulmasa, yeni seçki gündəmə gələcək. Düşünürəm ki, siyasi partiyalar bu riski və çətinliyi kifayət qədər anlayırlar. Bir müddət hökumət qurulmasa, bu siyasi böhran çox ciddi iqtisadi böhrana da çevrilə bilər. Ona görə də Türkiyədə erkən seçim heç bir siyasi partiyaya uğur gətirə bilməz. Kim koalisiya hökumətinin qurulmasına maneçilik törədərsə, bu halda baş verəcək erkən seçimdə ən çox səs itirən həmin siyasi partiya olacaq. Bunu Türkiyədə siyasi partiyalar yaxşı anlayır. Hesab edirəm ki, yaxın zamanlarda siyasi partiyalar bu reallığı anlayıb və uzlaşıb hökumət quracaqlar”.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu:

Seçki ilə bağlı əvvəlcədən verdiyim proqnoz özünü doğrultdu. Türkiyədə tək partiyalı sistem formalaşmışdı. Bu seçki artıq tək partiyalı sistemin inkişafının qarşısını almalı idi. Bu Türkiyə xalqı üçün olduqca böyük bir üstünlükdür. Düzdür, ilk baxışdan koalisiya hökuməti yaradılması zərurəti meydana çıxır. Belə çıxa bilər ki, Türkiyə əvvəlki dövrlərə qayıdır. Amma Türkiyə başqanlıq sisteminə keçdiyi üçün koalisiya hökumətləri ideyası o qədər təhlükəli deyil. Bu baxımdan, bütövlükdə bu seçkini türk xalqının böyük bir uduşu hesab edirəm. Burada AKP-nin geriləməsinin iki başlıca səbəbi var. Birincisi, Fətullah Gülən camaatına qarşı aparılan təbliğatdır. İkincisi, kürd məsələsində irəliliyə doğru çox ciddi addımların atılmaması kürd elektoratının AKP-nin arxasından çəkilməsinə gətirib çıxardı. Amma bütövlükdə nəticə Türkiyə xalqının xeyrinədir. Çünki həm prezident aparatı, həm də Nazirlər Kabineti bir partiyanın əlində cəmləşdiyi halda Türkiyədə demokratiyanın inkişafı mümkün olmazdı.
AKP koalisiya yaratmasa, onda Bülənt Ecevitin dövründəki kimi hökumət yarana bilər. Yəni AKP az millət vəkili ilə hökumət yarada bilər. Sadəcə, əvvəlki kimi istənilən məsələni tək həyata keçirə bilməz. Bu dəfə müxalifətlə uzlaşmağa məcburdur. Əslində demokratiya da konsepsiya tələb edir. Amma əvvəlki parlamentdə vəziyyət elə idi ki, AKP istənilən qanunu müxalifətin razılığı və dəstəyi olmadan da həyata keçirdə bilirdi. İndi partiyaların heç biri AKP ilə koalisiyaya o qədər də meylli görünmür. Əslində MHP mütləq AKP ilə koalisiyaya girməlidir. Ən düzgün yol bu olardı. Çünki AKP-nin dinçilikdən dövlətçiliyə gələn ziyanlarını MHP neytrallaşdıra bilər. Bu baxımdan, mən AKP ilə MHP-ni ən ideal koalisiya iştirakçısı kimi görürəm. Əgər bu koalisiya yaranarsa, Türkiyədə çox ciddi kataklizmlər gözlənilməz. Amma digər partiyalar koalisiyaya girməsə belə onda AKP özü təklikdə yenidən hökumət yarada bilər. Doğrusu,  həmin halda parlament inamlı qərarlar qəbul edə bilməz. Amma bütünlükdə Türkiyəni idarə bilər”.

Sevinc YASİNQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı