YAP Gənclər Birliyinin Şura üzvü
Azərbaycanın müstəqilliyinin yaşıdıyam! Şəxsiyyət vəsiqəmin lap yuxarısında böyük hərflərlə bütün ömrüm boyu qürur duyacağım bir kəlmə yazılıb: “AZƏRBAYCAN RESPUBLİKASI”. Bunu Tanrının mənim və yaşıdlarımın, eləcə də bizdən sonra doğulan həmvətənlərimin taleyinə yazdığı ən böyük xoşbəxtlik hesab edirəm. Çünki bizim nəsil MÜSTƏQİL AZƏRBAYCANın bağrından yetişib! Biz başımızın üstündə heç bir imperiyanın ağalığını görməmişik!..
Müstəqil Azərbaycan dövlət kimi çox gəncdir. Amma “bu gənc” 24 yaşında çox böyük uğurlara imza atıb. “Mənim yaşıdım” müstəqillik illərində millətin, xalqın taleyi üçün misilsiz əhəmiyyət kəsb edən bütün sahələrdə elə böyük nailiyyətlər qazanıb ki, onları qalın-qalın kitablara sığışdırmaq mümkün deyil. Hətta tezislər üçün belə kitablar bəs etməz!..
Mən “YAŞIDIM”la bərabər “böyümüşəm”. Müstəqil Azərbaycan gözlərimin önündə sürətlə dəyişib və yeniləşib, yenidən qurulub! 24 illik müstəqil inkişaf yolunun ən parlaq göstəricisi həm də odur ki, bu gün Azərbaycan, təkcə siyasi-iqtisadi cəhətdən qüdrətli dövlət deyil, neft-qazı ilə məşhur deyil, həm də mədəniyyəti, milli dəyərləri, mənəvi, mədəni sərvətləri, tolerantlığı, sülhsevərliyi, insanlarının istedadı və intellektual imkanları ilə dünyanın diqqətindədir! İlk Avropa Oyunlarına möhtəşəm ev sahibliyi ilə də tarixə qızıl imzasını atan Azərbaycan bir daha hər birimizin qürur mənbəyinə çevrildi! 24 ildə qazanılan uğurların daha bir təntənəsi yaşatdı bizə!..
“Qoy çırağımiz sönməsin!..”
“...Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!..” Ulu öndər Heydər Əliyevin arzusu idi bu. Və söyləndiyi gündən də bir dua kimi asıldı Azərbaycanın başı üstündən! Tanrı eşitdi bu duanı! Çaylarımız daha gur axdı, ağaclarımız bir boy da ucaldı, çırağımız daha gur yandı!.. Və “Azərbaycan dünyaya Günəş kimi” doğdu!..
“Tanrı Azərbaycanı hər zaman qorusun!..”
Əgər belə olmasaydı, bu gün dünya bu Günəşin ətrafına cəm olmazdı! Cəm olub da bu Günəşin alovundan od almazdı! Bu Günəşin parlaqlığından gözləri qamaşmazdı! Bu Günəşin möhtəşəmliyini etiraf etməzdi!.. Və bütün bunların fonunda ürəkləri titrədən daha bir duanı eşitməzdi: “Tanrı Azərbaycanı hər zaman qorusun!..” I Avropa Oyunlarının açılış mərasimində səslənən, yalnız 68 minlik auditoriyanın deyil, dünyanın eşitdiyi bu dua tək mənim yox, milyonların gözünü yaşartdı, ruhunu silkələdi. Azərbaycanın Birinci xanımının bu alqışı Ulu öndərin o duasından bu yana məmləkətimiz üçün eşitdiyim ən səmimi dua idi – Ana duası kimi... I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın “Sülhü, dostluğu və həmrəyliyi qeyd etmək üçün Bakıya, Azərbaycana xoş gəlmisiniz!” fikri isə ölkəmizin, xalqımızın xoş məramını, xoş niyyətini, sülhsevərliyini bir daha dünyaya çatdırdı...
120 ölkədə canlı yayımlanan I Avropa Oyunlarının açılış mərasimini mən də televizorla izlədim. Buna sadəcə “izləmək” demək, insafsızlıq olardı. Çoxdandır, televiziya qarşısında hansısa proqramı, yaxud canlı yayımı bu cür nəfəs dərmədən, göz qırpmadan, böyük maraq və həyəcanla, sevinclə, qürurla, göz yaşı ilə izlədiyim ağlıma gəlmir. Heç vaxt heç bir Olimpiya oyunlarının açılış mərasimindən bu qədər zövq almamışdım. Özündən əvvəlki anoloji tədbirlərdən dərin fəlsəfi mənası ilə fərqlənən bu bənzərsiz təqdimat Azərbaycanın qüdrətini, Azərbaycan insanının hansı fövqəl imkanlara malik olduğunu göstərdi dünyaya. Azərbaycanın 5 min illik dövlətçilik tarixini dünyanın gözü önündə səhifələdi. Qədim tarix və mədəniyyətimizi, ədəbiyyat və musiqimizi, milli dəyərlərimizi, milli elementlərimizi, simvollarımızı möcüzələrlə təqdim etdi dünyaya. Və sadəcə, çox mükəmməl...

“I Bakı Avropa Oyunlarını açıq elan edirəm!..”
Həmin gün öz əsrarəngizliyi ilə dünyanı cazibəsinə salan Bakı Olimpiya Stadionu ağzına qədər dolu idi. Bunu, sadəcə, hansısa fərdin, hansısa tamaşaçının təkcə idmana olan marağı kimi qiymətləndirmək sadəlövhlük olardı. Bu möhtəşəm salonda yer alan minlərlə azərbaycanlı o tarixi günə birbaşa şahidlik etmək arzusu ilə gəlmişdi bura. Bu istək hər şeydən üstün idi. Televizorun qarşısında ekrana diqqət kəsilən milyonlarla həmvətənimiz də öz ölkəsinin 24 ildən də az vaxtda keçdiyi inkişaf yolunun qürurunu yaşayırdı. Müstəqil Azərbaycanın dünya idman tarixinə, Avropa Oyunlarının tarixinə ilk imza atmasını iftixarla seyr edirdi. “Bu səhifəni Azərbaycan yazdı, bu səhifə bizdən başladı” kəlamının, “I Bakı Avropa Oyunlarını açıq elan edirəm!” sədasının haqlı fəxarət hissini bölüşürdü. Varlığımızı Azərbaycan sevgisinə bələyən Uca bayrağımızın, Uca himnimizin bəxş etdiyi qüruru paylaşırdı...
Dünyanın “Azərbaycan günü”...
Həmin gün sənin günün idi – mənim sevimli yaşıdım – AZƏRBAYCANIM! Həmin gün dünya dünyanı mat qoyan “Azərbaycan günü”nü yaşayırdı. Diqqət sənə yönəlmişdi, gözlər sənə dikilmişdi: dost da, düşmən də sənə baxırdı! Dost sevinirdi, düşmən “ölüb-dirilirdi”!.. Qafqazın mirvarisi olan Azərbaycan öz müqəddəs dəyərlərini mirvari dənələri tək bir-birinin ardınca düzərək dünyaya nümayiş etdirirdi. Bu, öz dəyərlərinin dəyərini bilən, onu qədirbilənliklə qoruyan, əzizləyən dövlətin, xalqın böyüklüyü idi! O unudulmaz tarixin, o “böyük günü”n şahidi olduğum üçün Tanrıma şükürlər edirəm! Məni həyəcanlandıran, kövrəldən o möhtəşəm səhnələri: Vətən uğrunda döyüşdə gözlərinin işığını itirən, fəqət ümidini itirməyən, idmanda böyük qələbələr qazanan əfsanəvi paralimpiyaçımız İlham Zəkiyevin ilk Avropa Oyunlarının məşəlini yandırması (Məşəldarlıq kimi məsuliyyətli missiyanın ona tapşırılması Vətən uğrunda savaşan Azərbaycan övladına verilən dəyər idi! Eşq olsun bu dəyəri verənlərə!); dahi Nizami Gəncəvi və qəhrəmanları, əbədi məhəbbət rəmzi Leyli və Məcnun; bənzərsiz xanəndəmiz Alim Qasımovun ifası; “Sarı gəlin”; Qobustan qayaüstü rəsmləri; odu, suyu, havası, torpağı ilə tam olaraq dünyanın gözü önünə gətirilən Novruzumuz, xalçamız, milli simvolumuz Nar (Bütün arenaya yayılan “nar dənələri” dünyaya sülh, barışıq, həmrəylik arzusunun ifadəsi idi!) və s. və s... heç zaman unutmayacağam!..
Bu fəxarəti bizə yaşadanlara min dəfə alqışlar olsun!..
“Azərbaycan haqqında qızıl xırdaladın...”
O gün sən bir tarix yazdın! Bir ilk də səndən başladı! Dünyada çox ilklərin müəllifi idin! Bu birincini də sən yazdın tarixə! I Avropa Oyunlarının məşəli səndə alovlandı, səndən od götürdü! Bundan belə dünyanın hansı ölkəsində keçirilməsindən asılı olmayaraq, Avropa Oyunları odunu səndən alacaq! Bütün Yer üzünə səndən gedəcək alov!.. Həmin gün sən artıq layiq olduğunu göstərdin! Tarixə qızıl möhürünü vurdun! Azərbaycan haqqında qızıl xırdaladın dünyaya!..
Sonrakı günlər isə artıq qızıllarını saymağa başladin!.. Qızıl qızıl dalınca gəldi – özü də hər mənada!..
”O sərvət hara, bu sərvət hara?..”
Və 17 günlük möhtəşəm zəfərinlə neçə müddətdir iş-gücləri Avropa Oyunlarına xərclənən pulları hesablamaq olan qərəzliləri, ağzıgöyçəkləri, səni gözügötürməyənləri susdurdun! Dünyaya yaşatdığın 17 şərəfli gün tutarlı cavab oldu onlara! Bəlkə, yenə də susmazdılar, amma həqiqətin qarşısında lal olmaqdan başqa çarələri qalmadı! Nə idi həqiqət? Həqiqət o idi ki, xərclədiyin qızıllardan qat-qat artığını qazandın! Qazandığın bu qızıllar saya-hesaba gəlməz, kitab-dəftərə sığmaz! İndi mən sayım, onlar görsünlər:
- Bədxahlar, bəd niyyətlilər danışdı, sən iş gördün, az vaxtda işinin nəticəsi ilə dünyanı mat qoydun! Susmaq qızıldır – “qızıl” olduğunu sübut etdin! Göstərdin ki, sən xoş niyyətin və “qızıl” işinlə “QIZIL”san!..
- “Bakı-2015”-in 50 illik tarixə malik Amerika və Asiya Oyunlarından daha yüksək statusda, standartlarda Avropaya təqdimatı ən böyük uğur idi. Bu uğur maddiyyatla ölçülməz!..
- Möhtəşəm ev sahibliyi, insanlara bəxş olunan sevinc, həyəcan, fəxarət hissi – bu, milyonlar yox, milyardlara dəyərdi!..
- 17 gün dünyanın gözünü Azərbaycana çevirən, Azərbaycanı dünyanın diqqət mərkəzində saxlayan, Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan xalqının, Azərbaycan insanının nəyə qadir olduğunu dünyaya nümayiş etdirən I Avropa Oyunlarında idmançı övladların böyük inam və mübarizliklə 56 medal qazandı. Bu qələbənin bəxş etdiyi sevinci hansı pulla əvəz etmək olar?..
- İlk Avropa Oyunlarının standartlarını müəyyən etməklə yanaşı, bu oyunları sülh, barış üçün bir körpüyə də çevirdin! Sübut etdin ki, idman təkcə idmançıları, insanları yox, dövlətlərı də bir araya gətirən böyük qüvvədir! Bəşəriyyət bunu anlasa, müharibələr, savaşlar yox olar, dünyamıza sülh, barış gələr! Bu, məhz Azərbaycanın əsrarəngiz paytaxtından dünyaya ötürülən dostluq, sülhsevərlik mesajı oldu! Qazandığın bu “QIZIL”ı hansısa maddiyyatla ölçmək mümkündürmü?..
- Hətta Avropa Oyunlarında elə məqamlar vardı ki, onlar “QIZIL”dan da qiymətli idi! ...26 apreldə Bakıda, Atəşgahda Prezident İlham Əliyevin alovlandırdığı məşəl minlərlə idmançı və məşhur insanın əlində Azərbaycanı diyar-diyar dolaşdı, 5500 km yol keçdi, ölkəmizin dörd bucağına salam verdi, hər kəsə ruh verdi, hər obada çıraq yandırıb geri döndü – Bakımıza! Paytaxtda məşəli yenə də Dövlət başçımız özü qəbul etdi. Və iftixarla addımlayaraq hər kəsi salamladı! Bu da qızıla bərabər tarixi an idi! O anın şahidləri arasında olmağımı ömrüm boyu unutmayacağam!..
- Dövlət başçısı və ailə üzvlərinin idman arenalarında müxtəlif yarışları birbaşa izləməsi, Prezident İlham Əliyevin qalibləri şəxsən mükafatlandırması isə yenə də sadəlik və böyüklüyün, alicənablığın ən gözəl nümunəsini göstərdi dünyaya. Azərbaycanın Silahlı Qüvvələr günündə əfsanəvi paralimpiyaçımız, əsl vətənpərvər, qızıl medalın sahibi İlham Zəkiyevin Prezident İlham Əliyevi podiuma dəvət etməsi, Dövlət başçımızın bu təklifi məmnunluqla qəbul edərək onunla podiumda dayanması isə möhtəşəm və həyəcanlı mənzərə idi. Dünyanı təsirləndirən o tarixi an hansısa maddiyyatla tərəzinin gözünə gələrmi?..
- "Belə anları bölüşmək təkcə sevincimizin ifadəsi deyil, eyni zamanda mühüm vətəndaşlıq missiyamızdır” qızıl kəlamının müəllifi Prezident İlham Əliyevin Azərbaycan himni səslənərkən, Azərbaycan bayrağı yüksələrkən kövrəlməsi... Güləşçi Rəsul Gunayevin qələbə qazanandan sonra üzünü onun oyunu izləyən və alqışlayan Prezident İlham Əliyevə tutaraq əsgəri salam verməsi və s. və s... Bu tarixi anların dəyəri varmı?..
İndi siz deyin: ”O sərvət hara, bu sərvət hara?..”
Bütün qızılların mübarək, mənim əziz yaşıdım, mənim qürurum, mənim fəxrim – Azərbaycanım! Sənin övladın olmaq xoşbəxtlikdir, fəxarətdir!..
“Azərbaycan, sağ ol!..”
Bu da möhtəşəm son. 17 gün ərzində dünyanın gündəmindən düşməyən I Avropa Oyunlarının bağlanış mərasimi – heyrətamiz sonluq. Yenə də öyünüləsi mənzərə. Prezident İlham Əliyevin fikri öz təsdiqini tapdı: “Bu, Avropada və bütün dünyada nadir hadisə olacaq.” Bəli, illər keçəcək, tarix səhnəsinə səndən çıxan, Avropa Oyunlarının ilk səhifəsini yazan, bu oyunlara qızıl “Azərbaycan” möhürünü vuran “Bakı-2015” maraqlı məqamları, rəngarəng görüntüləri, sürprizləri, qələbə və məğlubiyyətləri ilə unudulmaz olacaq. I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bağlanış mərasimində dediyi kimi: “Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm. Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq. ...Azərbaycan, sağ ol!..”
Əsl qalib siz idiniz!..
“Qoy güclü qalib gəlsin!” dedi Prezidentimiz! Güclü sən oldun, Azərbaycanım! Bu millətlər, xalqlar yarışından qəhrəman kimi ayrıldın! Bu yarışda Azərbaycanı, Azərbaycan bayrağını, Azərbaycan himnini... qalib etdin! Sən bunu bacardın! Bu qələbə Azərbaycan dövlətinin, Azərbaycan bayrağının, Azərbaycan himninin qələbəsidir! Bu, xalqla dövlətin birliyinin, həmrəyliyinin qələbəsidir! I Avropa Oyunlarında da bu birliyin, bu həmrəyliyin sevincini yaşadıq! Bu millət, bu xalq bir olanda, həmrəy olanda necə əzəmətli, necə qüdrətli olur!.. Bu qələbə müstəqil Azərbaycanın müdrik və qətiyyətli Prezidentinin qələbəsidir! Sənin hər qələbənin arxasında Ali Baş Komandanımızın iradəsi dayanır, Azərbaycanım! 17 günün hər birində yaşadığımız qürur hissinə, misilsiz sevincə görə cənab PREZİDENTə borcluyuq! Dövlət başçısı ilə yanaşı bu şərəfli və çətin işi zərif çiyinlərinə götürən, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya minnətdarıq! Qısa vaxtda bu böyük işlərin son dərəcə dəqiqlik və yüksək zövqlə görülməsində Azərbaycanın Birinci xanımının payının nə qədər olduğu heç kimə sirr deyil! O, mükəmməl təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi! Prezident İlham Əliyevin dediyi kimi: “...o, bu oyunların keçirilməsinə çox böyük töhfə vermişdir, deyə bilərəm ki, öz canını qoymuşdur bu oyunların bu səviyədə keçirilməsinə...”
Xalqın alqışı, xalqın sevgisi Sizə halaldır, cənab Prezident, əziz Mehriban xanım! Əsl qalib siz idiniz! Bu millətə, bu xalqa, Azərbaycana ən böyük qələbə sevincini yaşadan da siz olacaqsınız!.. Azərbaycana, bu bayrağa, bu millətə, bu xalqa yalnız qələbə yaraşır! Millətin, xalqın qürur, ləyaqət, şərəf hissini ifadə edən, onun birliyindən xəbər verən əzəmətli QƏLƏBƏ...
“Qoy çırağımız sönməsin!..”
“Qoy güclü qalib gəlsin!..”
“Tanrı Azərbaycanı hər zaman qorusun!..”
Bu dualar, bu alqışlar gücünə güc qatacaq, səni hər zaman qalib edəcək, AZƏRBAYCANIM – MƏNİM SEVİMLİ YAŞIDIM!..