Modern.az

“Azərbaycan payızda Qarabağda antiterror əməliyyatı keçirə bilər” - MÜSAHİBƏ

“Azərbaycan payızda Qarabağda antiterror əməliyyatı keçirə bilər” - MÜSAHİBƏ

Aktual

3 İyul 2015, 15:28


Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov Modern.az saytının suallarını cavablandırıb.

- Azərbaycan Rusiya münasibətlərinin son vaxtlar daha da yaxşılaşması işğal olunmuş torpaqların geri qaytarılması prosesinə köməklik edə bilərmi?

- Azərbaycan həmişə Rusiyanı özünə dost sayıb. Çünki hər iki dövlət tarixən qonşu və bir çox məsələlərdə yaxın olub. Azərbaycan Rusiyaya istənilən sahədə öz dəstəyini verib. Amma çox təəssüf ki, şimal qonşumuz işğalçılıq siyasətində Ermənistanın yanında olub, onu dəstəkləyib. Bu, Rusiya kimi böyük bir dövlətə yaraşmır. Rusiya qonşumuz olmaqdan başqa, həm də  ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir.

Rusiya Azərbaycandan daha çox bəhrələnib, nəinki Ermənistandan. Amma bəzi iddialı siyasətçilər, şəxslər bu gün nədənsə ermənilərə daha çox üstünlük verir, yeri gələndə Azərbaycanın mədəniyyətindən və qonaqpərvərliyindən danışırlar.

Bizim torpaqların işğal olunmasında bilavasitə separatçı rus-erməni hərbçilərinin rolu olub. Əgər Moskva istəsə, çox qısa müddətdə Ermənistanı məcbur edə bilər ki, torpaqlar işğaldan azad olunsun. Təəssüf ki, Rusiya özünü qeyri-səmimi aparır. Rusiya rəsmiləri ilə olan görüşümüzdə, Rusiya mətbuatına verdiyimiz açıqlamalarda da biz bu haqda öz fikrimizi bildirmişik.

Ermənistanın nə hərbi, nə də iqtisadi potensialı Azərbaycanla baş-başa gəlmək gücündədir. Amma buna baxmayaraq, Rusiya Ermənistandan möhkəm yapışıb. Çünki Ermənistan formal bir dövlətdir. Ermənistanın iqtisadiyyatı Rusiya tərəfindən idarə olunur. Hesab edirəm ki, bu məsələdə Rusiya Azərbaycana kömək eləsə yaxşı olar, nəinki Ermənistana. İnanmıram ki, yaxın zamanlarda torpaqlarımızın işğaldan azad olunması istiqamətində Rusiya hansısa bir addım atsın. Amma çox istərdim ki, o addım atılsın. Çünki Azərbaycan beynəlxalq müstəvidə də bunu haqq edib. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, o cümlədən bütün qurumların Azərbaycanın ərazi bütövlüyünü tanıması hər şeyi deyir. Ona görə də tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir.

- Ermənistanda son zamanlar baş verən məlum hadisələr səbəbindən ola bilərmi ki, Rusiya Azərbaycanla olan müsbət münasibətləri də nəzərə alaraq, Dağlıq Qarabağla bağlı fikrini dəyişsin?

- Nə Rusiya, nə də Ermənistan bu məsələdə hakim ola bilər. Son söz Azərbaycanındır və belə də olacaq. Rusiyada artıq hiss edir ki, Azərbaycan əvvəlki ölkə deyil. Azərbaycanın bütün dünyada həm imkanları, həm də nüfuzu kifayət qədər artıb.

Ona görə də onlar hiss edirlər ki, Azərbaycan Dağlıq Qarabağla bağlı ciddi addımlar atmaq fikrindədir. Bu baxımdan Rusiya çalışır ki, Azərbaycana xoş gəlmək üçün Ermənistana da bir balaca təpki göstərsin. Bir necə il bundan əvvəl Rusiyanın xarici işlər naziri bizim nazirlə görüş zamanı bildirdi ki, Dağlıq Qarabağ məsələsinin artıq həllinin vaxtıdır. Amma o söz olaraq da qaldı.

Ermənistanda rejimin dəyişməsi Dağlıq Qarabağ məsələsindəki vəziyyəti bir qədər də geriyə atmış olacaq. Çünki yeni prezident gəldikdən sonra məsələ qəlizləşə bilər. Həmin şəxs deyə bilər ki, mən yeni gəldiyim üçün danışmaq lazımdır.

Ermənistanda rəhbərliyin dəyişməsi əslində bəzi beynəlxalq qurumlara, konkret olaraq ATƏT-in Minsk qrupuna da sərf edir ki, onlar yenə də aktiv diplomatik fəaliyyətə başlayıb hansısa görüşlər təşkil etsinlər. Amma yenə də hər şey Azərbaycandan asılı olacaq. İnanıram ki, 2015-ci ildə Dağlıq Qarabağla bağlı status-kvo mütləq mənada dəyişməlidir. Artıq bunun bəzi işartıları görünür.

- Azərbaycan bunun üçün hansı addımlar atmalıdır? Yaxın zamanlarda müharibə ola bilərmi?

- Azərbaycan müharibədən əziyyət çəkən ölkələrdən biridir. Ona görə də geniş miqyaslı müharibənin olmasını proqnozlaşdırmıram. Azərbaycan lokal xarakterli, yəni bir necə saatlıq və ya bir necə günlük anti-terror əməliyyatı həyata keçirə bilər. Bunu heç kim Azərbaycana qadağa edə bilməz. Çünki bu, Azərbaycanın haqqıdır. Ermənistan əgər beynəlxalq hüquq və normalara hörmətlə yanaşmırsa, Azərbaycan nə etməlidir? Azərbaycan daha 20 il gözləməməlidir. Biz yetərincə dözümlülük və səbir nümayiş etdirdik. Artıq Dağlıq Qarabağ məsələsi bitməlidir. Ermənistan ciddi olaraq başa düşməlidir ki, Azərbaycan aldığı silahlardan, döyüş bilik və bacarığından istifadə edəcək.

- Azərbaycan Ermənistana qarşı anti-terror əməliyyatını nə vaxt həyata keçirə bilər?

- Bu təxminən bu ilin sentyabr və oktyabr aylarına təsadüf edə bilər. Amma ilin sonuna qədər uzanması da mümkündür. Mən artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi məsələlərdə optimistəm. Həm siyasi proseslərin gedişi, həm də son vaxtlar Ermənistanda baş verən proseslər buna əsas verir. Artıq Ermənistanın özündə belə indiki rəhbərliyin cinayətkar olduğunu açıq-aşkar söyləyirlər. Bunu əvvəllər biz deyirdik. Amma indi ermənilərin özləri də bunu iddia edir.

Tam əminlikdə deyirəm, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət dəyişikliyə nail olmaq üçün çox əlverişli imkan yaranıb. İstərdim ki, bu əməliyyat bütün Dağlıq Qarabağı əhatə eləsin. Amma istənilən halda, kiçik bir tərpəniş baş verərsə, bu ermənilərin özləri üçün böyük bir siqnal olacaq. Onlar başa düşəcək ki, artıq dünyada ermənilərə qarşı olan münasibət dəyişib, insanlar onların işğalçılıq siyasətinə də düzgün qiymət verirlər. Hesab edirəm ki, bu il Azərbaycanın status-kvonu dəyişməsi üçün Dağlıq Qarabağla bağlı unikal şansı var.

SEVİNC YASİNQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı