Modern.az

Güney Azərbaycanlı aşıqların məktubuna sərt CAVAB: “Bu kampaniyanın başında bizim Aşıqlar Birliyi durur”

Güney Azərbaycanlı aşıqların məktubuna sərt CAVAB: “Bu kampaniyanın başında bizim Aşıqlar Birliyi durur”

Aktual

8 İyul 2015, 20:08

 

Bir neçə gün bundan öncə Modern.az saytının redaksiyasına İran aşıqlarının adından məktub ünvanlanıb. Azərbaycanlıların yaşadığı müxtəlif şəhərləri təmsil edən 36 aşığın imzaladığı məktub əsasən güneyli aşıq Böyükbəy Ələkbəroğludan şikayət üzərində qurulub. Məktubda qeyd edilir:

“Bizim işimizə ən böyük əngəl olanlardan biri və birincisi haqqında sizin sayənizdə Azərbaycanda hər kəsə məlumat çatdırmaq istəyirik. Ona görə ki, bu adamı az-çox o tayda tanıyanlar var. Çünki adamların Arazın bu tayına olan sevgisindən sui-istifadə edərək min bir fırıldaqla etibarını qazanmaqda ustadır. Bu adam o tayda özünü Böyükbəy Ələkbəroğlu kimi təqdim edən şəxsdir. Elə ki, İranda Aşıqlar Birliyi yaradılması xəbəri yayıldı, bu adamın rahatlığı pozuldu. Bu təşkilatı özünün “fəaliyyətinə” ən böyük maneə kimi gördüyündən hər addımda işimizi əyməyə çalışdı. Bu da səbəbsiz deyil.

Bu adam neçə illərdir ki, o taydakı yaxın dostları professor Məhərrəm Qasımlı və digər folklorşünas alim Elxan Məmmədlinin sayəsində bu taydan müxtəlif yollarla hər dəfə bir neçə aşığı Bakıya aparıb elə onların da sayəsində radio və televiziyalara çıxarıb. Bu tayın aşıqlarının Bakıda radio və televiziyalarda çıxış etmələrini biz də istəyirik. Amma di gəl ki, düz-əməlli məktəb təhsili olmayan bu Böyükbəyin özünü də televiziya ekranından Məhərrəm Qasımlı kimi böyük alimin öz verilişində folklorşünas kimi təqdim etməsi İranda həm aşıqlar, həm də aşıq ədəbiyyatını araşdıranlar tərəfindən narazılığa səbəb olurdu. 

Modern.az məktubla bağlı Aşıqlar Birliyinin idarə heyətinin üzvü, Folklor İnstitutunun Aşıq Yaradıcılığı şöbəsinin müdiri, məktubda da adı hallanan Elxan Məmmədlidən açıqlama alıb. Folklorşünas alim məsələ ilə bağlı maraqlı məqamlara toxunub:

“Bir onu deyə bilərəm ki, Böyükbəy haqqında başlanan kampaniyanın başında bizim Aşıqlar Birliyi durur. Xüsüsən də birliyinin mətbuat katibi Musa Nəbioğlu. O, bu yazıları İranda bir neçə aşığın vasitəsi ilə həyata keçirir. Bunun səbəbini söyləsəm uzun çəkər. Bizim bu "qoçaqların" sayəsində artıq ordakı aşıqlar 2-3 qrupa bölünüb. Güney aşıqlarının təbliği sahəsində Böyük bəyin xidmətləri əvəzsizdir. Eyni zamanda bizim aşıqların da Güneydəki təbliğatında Böyük bəy əvəzsizdir. Elə bilirəm bu məsələni atüstü yazmaq çətindir. Allah qoysa bu konfliktin tarixçəsini sizə ətraflı danışaram, hər şey aydın olar. Bunlar mərdi qova-qova namərd eləməyi yaxşı bacarırlar.

Mən sizə məsləhət edərdim ki, bu mövzu ilə bağlı aşıqlarımıza da müraciət edin:Aşıq Ədalət Dəli dağlıya, Aşıq Mehdiyə, Aşıq İlham Aslanbəyliyə, Aşıq Cahangirə, Aşıq Altaya, Aşıq Şaiqə, Aşıq Əşrəfə, Aşıq Elbrusa, Aşıq Qalib Kəlbəcərliyə, Aşıq Şöhrətə və s. Böyük bəy tam siyahısını yazmadığım bu aşıqları bütün İrana tanıtdırıb. Mən bu həqarət və nifrətlə dolu təxribat xarakterli yazıları mədəni əlaqələrimizin inkişafına xəyanət kimi qiymətləndirirəm”. Elxan Məmmədlinin açıqlama verdiyi məktubda İran aşıqları Böyükbəyi başqa məsələdə də suçlayırlar:

“Axı bu adamın o taya gedib-gəlməsinin sadəcə bir adı var – dəllallıq. Bu taydan o taya hansısa verilişə çıxarmaq üçün minbir yola əl atıb şirnikdirərək aşıq aparır, o taydakı aşıqlar üçün də bu tayda toy sifarişi götürür (özünün də payı olmaqla təbii ki). Bir adam ki, özü aşıq olmaya, folklor nədir bilməyə, bu adam aşıq sənətinə necə xidmət edə bilər? Görün Azərbaycan Respublikasında bir neçə nəfər bu adamı necə şişirdib ki, hətta Elxan Məmmədli deyir ki, Folklor İnsititutu  bir folklorçu kimi onun xidmətlərinə həsr olunmuş kitab nəşrə hazırlayır.

Hörmətli redaksiya! Görəsən ya çox hörmətli professor Məhərrəm Qasımlı ya da Elxan Məmmədli hər addımda folklorşünas kimi ağızdolusu təriflədikləri Böyükbəy Əlkəbəroğlunun kitbalarını demirik, heç olmasa bircə elmi məqaləsinin adını çəkə bilərlərmi? Onunla hansı elmi əməkdaşlığı edirlər? Bu adamın Təbrizdə yaxud da İranın başqa bir yerində rəsmən keçirdiyi bircə aşıq tədbirinin adını deyə bilərlərmi? Onları birləşdirən folklor, aşıq sənəti sahəsindəki elmi əməkdaşlıqdır, yoxsa başqa nə isə? Bunca böyük nüfuza malik olan alimlər bu adama necə inanırlar? Doğrudanmı onu bir folklorşünas kimi qəbul edirlər?”

Qeyd edək ki, məktubda bir neçə dəfə adı çəkilən Elxan Məmmədli məsələnin əsas kökü barəsində ətraflı danışacağını və geniş müsahibə verəcəyini də qeyd edib. Modern.az bu məsələni diqqətdə saxlayacaq.

Elmin NURİ 


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı