Modern.az

İranla Qərb arasındakı tarixi anlaşma Azərbaycana necə təsir edəcək? – ŞƏRH

İranla Qərb arasındakı tarixi anlaşma Azərbaycana necə təsir edəcək? – ŞƏRH

Aktual

15 İyul 2015, 14:26

İyulun 14-də İran və “altılıq” ölkələri arasında (BMT  Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) Tehranın nüvə proqramına dair  yekun razılıq əldə olunub. Bununla, İranın dünya səhnəsində rolunun əhəmiyyətli dərəcədə artacağı ehtimal edilir.

Bəs İranla Qərb arasında imzalan saziş Azərbaycana necə təsir edəcək? Mövzu barədə Modern.az saytına danışan politoloq Qabil Hüseynli bildirib ki, İranla Azərbaycan arasındakı münasibətlər getdikcə yaxşılaşır:

“İrana qarşı sanksiyalar aradan qaldırılandan sonra İran əsas neft ixracatçısı kimi neft istehsalını 4 dəfə artıracaq. Bu isə dünya bazarında neftin qiymətinin düşməsi istiqamətində xeyli təsir edəcək. Əlbəttə biz istəyirik ki, qonşu dövlət maddi rifah içərisində yaşasın, insanların vəziyyəti yaxşılaşsın. Sanksiyalar bilavasitə dövlətin çiçəklənməsinə sərf etsin.

İrana qarşı sanksiyaların götürülməsin də ən çox təkid edən Rusiya və Çin olub. Onlar sanksiyaların götürülməsini silah embarqosunun ləğvindən başlamağı təqdim ediblər. Göründüyü kimi Rusiya özünün silah bazarına silah çıxarmaq üçün fürsət əldə edib. Amma İran bununla kifayətlənən deyil.

İran yeni silah növləri, Rusiyadan qırıcı təyyarələr almaq fikrindədir”. Ekspertin fikrincə, İran Azərbaycanla qonşu dövlət olduğundan ona qarşı sanksiyaların ləğv ediləcəyinə sevinməl olar.

“Bir tərəfdən İranın üzərindən sanksiyaların götürülməsinə sevinmək lazımdır. Çünki qonşu dövlətdir. Həmçinin orda çoxsaylı soydaşlarımız yaşayır. Biz onların vəziyyətinə biganə deyilik.

Lakin İranın hələ xaricdə dondurulmuş pulları var. O pulların da donu açılandan sonra İran həmin vəsaiti silah almağa yönəltsə, təpədən dırnağa qədər silahlanmış dövlətin yaranmasının şahidi ola bilərik. Heç bir dövlət arzulamaz ki, qonşuluğunda çox hərbi gücə sahib olan ölkə olsun. Amma bütövlükdə proses İranın nüvə silahından imtina etməsindən gedəcəksə, bu, Azərbaycanın xeyrinədir.

Çünki bizim qonşuluğumuzda yeni nüvə dövləti yaranmır. Heç bir dövlət istəməz ki, nüvə silahlı ölkə ilə qonşu olsun. Sanksiyalara görə İrandan Azərbaycana göndərilən mallar dayandırılmışdı.

Bundan sonra İran Azərbaycan arasında ticarət əlaqələri canlanacaq. Azərbaycan məişət malları, müəyyən avadanlıqlar, yemək məhsullarının bir çoxunu İrandan idxal edirdi. Həmçinin sərhədyanı bölgələrin insanları vizasız rejimdən istifadə edərək İrandan bəzi malları alıb gətirərək bir növ özlərinə iş yeri açırlar. Yəni sərhədyanı ticarət canlanacaq. İrandan müxtəlif çeşidli malların daha ucuz qiymətə alınması prosesi yenidən bərpa ediləcək. Bütün bunlar Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcək”.

Politoloq vurğulayıb ki, İranla Azərbaycan arasında münasibətlər hazırda normaldır.

“Xüsusən də, son dövrlər bu münasibətlər xeyli normallaşıb. Doğrudur, İran Ermənistanı müdafiə etməkdə davam edir. İran Ermənistanı özünə yaxın və dost ölkə hesab edir. Amma bütün bunlara baxmayaraq İran Azərbaycana İsraillə əlaqə saxlamağı irad tutur. Azərbaycan ona görə əlaqə saxlayır ki, İsrail müsəlman dövlətini boğmağa çalışan xristian səlibçilərini ölkənin ərazisindən çıxardıb.

İsrail Azərbaycana kömək edir, amma İran yox. Ortada bu məsələ var. Ona görə İsraillə münasibətlər yaxşıdır. İran isə Ermənistana kömək edib, ayaqda dura bilməsi üçün lazım olan ona hər şey göndərir.

Ona görə də İranla münasibətləri birmənalı səciyyələndirmək çətindir. Amma hər halda son illər İran Azərbaycan münasibətləri yüksələn xətt üzrə gedir. Geriyə dönüş yoxdur.

Bundan sonrada münasibətlər yaxşılaşa-yaxşılaşa gedəcək. Çünki İran da Azərbaycan da Şanxay Əməkdaşlıq Təşkilatına daxil ola bilər. İran ilə Rusiyanın münasibətləri yaxşıdır. Azərbaycan-Rusiya əlaqələri də yaxşılaşır. Bir sözlə, siyasi vektorlar bir-biri ilə paralel istiqamətdə gedir. Belə olan şəraitdə İranla Azərbaycanın münasibətləri daha da yaxşılaşacaq”.

Sevinc YASİNQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı