Modern.az

Azərbaycanda “tütünsüz nəsil” modeli tətbiq oluna bilər

Azərbaycanda “tütünsüz nəsil” modeli tətbiq oluna bilər

Aktual

Bu gün, 12:02

Türkiyədə tütünlə mübarizə çərçivəsində “tütünsüz nəsil” modelinin tətbiqi müzakirə olunur və müəyyən doğum ilindən sonra dünyaya gələn şəxslərə tütün məhsullarının satışının gələcəkdə qadağan edilməsi təklif edilir. Oxşar yanaşmaların xarici ölkələrdə də tətbiq olunması fonunda Azərbaycanda da uşaqları və gəncləri tütündən qorumaq üçün ölkəyə uyğun uzunmüddətli modelin hazırlanması məsələsi gündəmə gətirilə bilər.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Modern.az-a danışıb:

“Yenidən velosiped ixtira etməyə ehtiyac yoxdur. Dünyada bu istiqamətdə kifayət qədər təcrübə var və həmin təcrübədən yararlanmaq mümkündür. Amma mən xüsusilə onu vurğulamaq istəyirəm ki, təkcə qadağalarla bu məsələni tənzimləmək mümkün deyil. Xüsusilə gənclər və yeniyetmələr arasında belə bir yanaşma var ki, qadağan olunan nəsə daha maraqlı görünür. Bu səbəbdən tütün məhsullarının qadağan edilməsi ilə yanaşı, onların zərərləri barədə ciddi və davamlı maarifləndirmə işləri də aparılmalıdır.”

 Arzuxan Əlizadə bildirib ki, tütünün zərərli olması ilə bağlı dünyanın müxtəlif ölkələrində geniş maarifləndirmə kampaniyaları və layihələr həyata keçirilir. Onun qeyd edib ki, Azərbaycanda da bu istiqamətdə işlər gücləndirilməli, xüsusilə gənclər və yeniyetmələrə tütün məhsullarının insan sağlamlığı üçün yaratdığı risklər aydın şəkildə izah olunmalıdır. Gənclərin idmana və digər sağlam məşğuliyyətlərə cəlb olunması, sağlam həyat tərzinin təşviqi də bu mübarizənin mühüm hissəsidir.

Onun sözlərinə görə, Azərbaycan dünya təcrübəsindən yararlanmaqla yanaşı, öz xüsusiyyətlərinə və mentalitetinə uyğun ayrıca “tütünsüz nəsil” modeli də hazırlaya bilər. Bunun üçün yalnız qanunvericilik tədbirləri deyil, mütəxəssislərin iştirakı ilə maarifləndirici layihə və proqramlar hazırlanmalı, həmin layihələr daha çox insana, xüsusilə gənc və yeniyetmə nəslə çatdırılmalıdır. O bildirib ki, burada ailənin, məktəbin və bütövlükdə cəmiyyətin rolu böyükdür. Eyni zamanda, yaşlı nəslin nümayəndələri də gənclərə və yeniyetmələrə davranışları ilə nümunə olmalıdırlar.

 “Azərbaycan üçün xüsusi modelin hazırlanması mümkündür və hesab edirəm ki, bu məsələdə mütəxəssislərin rəylərinə ciddi ehtiyac var. Tütünlə mübarizə yalnız qadağalar üzərində qurulmamalıdır. Gənclərimizin sağlam böyüməsi, idmana və digər faydalı məşğuliyyətlərə yönəlməsi üçün şərait yaradılmalı, tütün məhsullarının zərərləri ilə bağlı maarifləndirmə daha geniş aparılmalıdır. İnsanlar bu məsələdə bir-birinə nümunə olmaqla zərərli vərdişlərdən uzaqlaşa və gələcək nəslin daha sağlam böyüməsinə şərait yarada bilərlər”, - deyə o bildirib.

Nicat Rüstəm

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada əhaliyə şok qadağa - Küçəyə çıxmayın!