Azərbaycanda hazırda dünyaya gələn uşaqların əksəriyyəti XXII əsri – 2100-cü ili və sonrakı illəri görə biləcək.
Ölkədə təqribən 2100-cü ilədək və daha artıq müddətdə yaşayacaq uşaqlar doğulmağa başlayıb.
Modern.az FED.az-a istinadən xəbər verir ki, ölkədə yeni doğulan uşaqların gözlənilən ömür uzunluğu («doğulanda gözlənilən ömür uzunluğu» - göstəricisi) bunu deməyə əsas verir.
Araşdırma göstərir ki, hələ 2024-cü ildə doğulan uşaqların 2100-cü ilədək və daha artıq yaşayacağı gözlənilir.
Beləliklə, hazırda dünyaya gələn körpələr 22-ci əsri də görə biləcəklər. Eyni zamanda araşdırmalar göstərir ki, yeni doğulan qızların növbəti əsri görmək şansı oğlanlardan daha artıqdır.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkədə yeni doğulan uşaqların gözlənilən ömür uzunluğu orta hesabla 76 ildir. Kişilərin gözlənilən orta öimür uzunluğu 75 yaş, qadınlarda isə 79 ildir.
Bununla bağlı hələlik ən yeni rəsmi məlumat 2025-ci ilin sonuna aiddir. Belə ki, 2025-ci ildə Azərbaycanda doğulan oğlanlar üçün gözlənilən ömür uzunluğu 74,9 il, qızlar üçün isə 79,3 il olub. 2024-cü ildə bunlar müvafiq olaraq 74,5 və 79,2 il idi.
2025-ci ildə doğulmuş qız üçün statistik gözlənilən ömür uzunluğu 79,3 il olduğu halda, 2100-cü ilə cəmi 75 il qalırdı. Başqa sözlə, 2025-ci ildə doğulan qızlar üçün mövcud ömür uzunluğu göstəricisi artıq onları statistik olaraq XXII əsrin əvvəllərinə aparır.
2026-cı ildə doğulan uşağın 2100-cü ili görməsi üçün isə 74 yaşına çatması kifayətdir. Azərbaycanda kişilər üçün doğulanda gözlənilən ömür uzunluğunun 75 ilə yaxın, qadınlarda isə 79 ildən yüksək olması nəzərə alındıqda, hazırda doğulan uşaqların müəyyən hissəsinin 2100-cü ili görəcəyini gözləmək olar.
Qızların göstəricisi 2100-cü il həddini artıq keçir
Statistikada qadın və kişilərin ömür uzunluğu arasında bir neçə il fərq var.
2025-ci ildə doğulan oğlanlar üçün 74,9 illik göstərici nəzəri olaraq 2099–2100-cü illərə, qızlar üçün 79,3 illik göstərici isə təxminən 2104-cü ilə uyğun gəlir.
Hazırda 2026-cı il olduğunu nəzərə alanda, indi doğulan şəxslərin əksəriyyətinin 2100-cü ilədək və daha uzun müddət ömür sürəcəyini proqnozlaşdırmaq olar.
Başqa sözlə, yeni əsrə hələ 74 il qalmasına baxmayaraq dünyadakı mövcud insanların bir hissəsinin 22-ci əsri də görəcəyi şübhə doğurmur.