filologiya üzrə elmlər doktoru, professor
Elələri var ki, diri ikən özlərinin qəbirlərini qazdırırlar. Hətta qəbirin başına öz şəkillərini də böyüdüb qoyurlar. Tez-tez qəbirlərini ziyarətə də gedirlər, yasin də oxudurlar. Bayram günlərində öz qəbirlərinə olan ziyarətlərin və oxutduqları yasinlərin sayını da artırırlar. Ölülərin qəbirlərindən daha çox öz qəbirlərini ziyarət edirlər. Qəribədir, insan diri ikən özünə qəbir qazdırır və qəbrini ziyarət edir, yasin oxutdurur. Hələ onu demirəm ki, diri ikən özlərinə qəbir yeri götürürlər. Bunun fəlsəfəsi nədir? Mahiyyəti nədir? Bunu edənlər nə demək istəyirlər? Bəlkə də ölümlərini yada salırlar. Bəlkə ölümdən qaçmağın mümkün olmadığını demək istəyirlər. Bəlkə də bütün bu işləri heç mahiyyətinə varmadan edirlər. Bəlkələr çoxdur... Bir bəlkə də var. Diri ikən özlərinə qəbir qazdıranlara qazdırdıqları qəbir nəsib olacaqmı?
Elələri var ki, diri ikən qəbir daşlarını da hazırladırlar. Yenə də bəlkələr yaranır. Bəlkə insan öləcəyi günü düşünür. Bəlkə insan öləcəyi günü yada salır. Bəlkələr yenə də çoxdur... Bu bəlkələr barədə kim nə düşünür?! Və düşünürmü?!
Bəlkə də belələri göz qaytarırlar. Ömürlərini uzadırlar. Ancaq məni ayrı bir məsələ narahat edir. Birdən dirilərin rəqabəti başlaya bilər. Onlar rəqabətə girib özləri üçün qəbir yerləri, qəbir daşları düzəltdirə bilərlər. Diriykən özlərinə təmtəraqlı ehsanlar verə bilərlər. Vay o gündən. Vay o gündən ki, təmtəraqlı yaşayanlar diri ikən təmtəraqlı qəbirlərini də fərqləndirsinlər. Necə ki, ölülərin qəbirlərini fərqləndirirlər. Axı təmtəraqlı həyat tərzi, təmtəraqlı qəbirlər insanlığa nə verir? Görünür ki, bu dünyada təmtəraqlı yaşayanlar o dünyada da təmtəraqlı qəbirləri ilə fərqlənmək istəyirlər. Bunun çıxış yolu varmı? Bəlkə də var... Var... Bir çıxış yolu da odur ki, gərək xislətimizi dəyişək.
Bütün maddi nemətlər dirilər üçündür. Dirilər də bir çox şeylərin naminə bir-birindən fərqlənirlər. Maddi nemətlər naminə hər pis əmələ gedirlər və bir-birindən fərqlənirlər. Bu dünyada hər şey dirilər üçündür. Gəlin diriləri qoruyaq və dirilərdən qorunaq. Dirilərin daxilində eqoizmin artması, güclənməsi bəşəriyyətin faciəsidir. İnsanların daxilində eqoizmin artması, güclənməsi bəşəriyyət üçün qorxudur. Ona görə də ay insanlar, eqoist olmayın, daxilinizdəki eqoizmi boğun, daxilinizdəki eqoizmi dəfn edin, daxilinizdəki eqoizmə qəbir qazın, daxilinizdəki eqoizmə başdaşı qoyun.