
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 25 iyul tarixində II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanın nəticələrini açıqlayıb. TQDK_dan Modern.az-a verilən məlumata görə, imtahanda 6 nəfər 700 bal toplayıb. Onlardan 3 nəfəri II, 3 nəfəri isə III ixtisas qrupları üzrədir.
Qəbul imtahanları başa çatdığı üçün artıq abituriyentlərin ixtisas seçimi aparılacaq. İxtisas seçimi iyulun 30-dan avqustun 11-dək aparılacaq.Qeyd edək ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 56 binada aparılıb.
İmtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün sənəd vermiş 29590 ( 15841 nəfər II qrup üzrə, 13749 nəfər III qrup üzrə) abituriyentdən 971 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 28619 abituriyentdən 12 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.Aytən ZƏHRA