Modern.az

Korrupsiya şikayətlərində yanılanlar müdafiə olunacaq

Korrupsiya şikayətlərində yanılanlar müdafiə olunacaq

Aktual

5 Oktyabr 2026, 15:07

İş yerində korrupsiya barədə verilən məlumatın 20 iş günü ərzində araşdırılması və nəticənin müraciət edən şəxsə bildirilməsi təklif olunur. Məlumatı vicdanla təqdim edən şəxslər isə yanıldıqları halda da müdafiə tədbirlərindən istifadə edə biləcəklər.

Modern.az xəbər verir ki, bu müddəalar Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, səlahiyyətli bölmə məlumatı qəbul etdikdən dərhal sonra qeydə almalı və bunu məlumat verən şəxsə bildirməlidir. Araşdırmanın nəticəsi qeydiyyat tarixindən 20 iş günü ərzində poçt və ya elektron qaydada göndəriləcək.

Əlavə materiallara ehtiyac yarandıqda təşkilat rəhbəri müddəti 10 iş günü uzada biləcək. Müddətin uzadılması barədə müraciət edən şəxsə məlumat verilməlidir. Araşdırma zamanı digər qurumlara göndərilən sorğular isə ən gec 7 iş günü ərzində cavablandırılmalıdır.

Barəsində məlumat verilən və ya araşdırmanın nəticəsində maraqlı olan şəxsə həmin araşdırmanın aparılması həvalə edilə bilməyəcək. Prokurorluğa təqdim olunan müraciətlərə isə Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada baxılacaq.

Sənəddə məlumat verən şəxslərin əhəmiyyətli yanılma hallarında da müdafiəsi nəzərdə tutulur. Belə ki, şəxs məlumatın doğru və ya dəqiq olmadığını bilməyibsə, bunu bilmək üçün obyektiv imkanı olmayıbsa və ya hüquqpozmanın faktiki hallarını tam və düzgün dərk etməyibsə, məlumat sonradan təsdiqlənməsə belə müdafiə təminatlarından yararlana biləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?