
Azərbaycanda bir çox xəstəliklərə yoluxanlar müalicə xərcinin baha olması, eyni zamanda yerli həkimlərin peşəkarlığına inanmadıqlarından çox zaman xarici ölkələrə üz tuturlar. Son illər belə xəstələr daha çox Türkiyə və İranda müalicə olunmağa üstünlük verirlər. Təbii ki, həmin ölkələrdə səhiyyə müəssisələrində müayinə olunmaq da asanlıqla baş gəlmir. Məsələn, İrana üz tutanlar bəzən günlərlə həkimin qəbuluna düşməkdən ötrü növbə gözləyirlər.
Modern.az-ın əldə etdiyi məlumata görə, Azərbaycandan İrana müalicəyə getmək arzusunda olanların bu niyyətini gerçəkləşdirmək üçün xüsusi işbazlar ortaya çıxıblar. Onlar hətta müalicəyə ehtiyacı olan insanların İrana gedib-gəlməsini təşkil etdikləri barədə respublikanın ayrı-ayrı bölgələrində reklam kampaniyası da aparırlar. Əlbəttə, ilk baxışda bu xidmət kimlərinsə müalicə üçün İrana asan gedib-gəlməsinə dəstək ola bilər. Ancaq digər tərəfdən, bu xidmətin hansı səviyyədə təşkil olunduğu, insanların aldadılıb-aldadılmadığı bəlli deyil.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a açıqlamasında bildirib ki, insanların ucuz tibbi xidmətdən yararlanmaq üçün xarici ölkələrə miqrasiyası artmaqdadır: “Bu üsul vətəndaşların sağlamlıq məqsədilə ölkə xaricinə üz tutaraq buradakı tibbi xidmətdən yararlanmağa yönəlib. Bu proses dünyanın hər yerində səhiyyə turizmi adı ilə fəaliyyət göstərir. Kim istəyirsə gedib xaricdə müayinədən keçir, lazım gəldikdə hətta müalicə olunur. Nəzərə almalıyıq ki, bu normal haldır”.
Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, bu cür situasiyalarda prosedür Səhiyyə Nazirliyinin müvafiq qurumlarının nəzarəti ilə həyata keçirilsə, daha düzgün olar: “Çünki vasitəçilər ola bilər ki, ayrı-ayrı klinikalarla əlaqə saxlayıb, sadəcə olaraq ortada vasitəçi rolunu oynasınlar. Amma bəzən xəstələrin hədəfi nəzərə alınaraq onlar lazımi klinikalarla təmin olunmalıdır. Bu məsələləri Səhiyyə Nazirliyinin nəzdində müəyyən strukturlar həyata keçirsə daha yaxşı olar, nəinki ayrı-ayrı şəxslər. Çünki bu cür kommersiya fəaliyyəti göstərən vasitəçilər xəstənin müalicəsinin nəticəsindən daha çox daha çox öz korporativ maraqlarını güdürlər”.
Vüsalə Qəzənfərqızı